“Dadı qaçmış saqqızı nə qədər çeynəmək olar?”
15.11.2011 - 18:01
“Dadı qaçmış saqqızı nə qədər çeynəmək olar?”
“Hələlik məşqə başlamamışıq. Uşaqlar fərdi məşq etsələr də, nə vaxt bir yerə yığışacağımız bilinmir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan” klubunun baş məşqçisi Əsgər Abdullayev deyib.

Millinin oyunları ilə əlaqədar Premyer Liqasında yaranmış fasilədən istifadə edən klublar çatışmayan cəhətləri aradan qaldırmağa çalışsa da, “Turan” yenə ampluasındadır. Tovuz təmsilçisi pulsuzluğa qərq olub, nəticədə isə əksər futbolçular klubun düşərgəsinə dönməyiblər.

Təbii ki, bu söz-söhbətlər baş məşqçini də yormaya bilməz: “Hər şey maliyyədən asılıdır. Düzdür, həftəsonu növbəti turun oyunları keçiriləcək. Çalışacağıq ki, ona qədər işimiz düzəlsin. Musa Süleymanov nəsə etmək istəyir. Qismət olsa, yığışacağıq”.

Futbolçuların geri dönməməsinə haqq qazandıran “Turan” rəhbərliyi bundan sonra əvəzedici komandanın üzvlərinin xidmətindən yararlana biləcəklərini istisna etməyib. Bəs belə olan halda, Əsgər Abdullayev işini davam etdirəcəkmi?

Baş məşqçi sualımıza cavab verməyə tələsməyib: “Gəlin, ümidimizi üzməyək. Biz əsas heyəti bir araya toplamağa çalışırıq. Ola bilsin, əvəzedicilər oynasınlar. Bu baş verərsə, işimi davam etdirib-etdirməyəcəyim barədə qərar verməmişəm. Zamanı qabaqlamaq olmaz. Bu cür vəziyyətdən yorulduq. Biz indi nəticə barədə, turnir cədvəlindəki mövqeyimiz haqda danışmalı idik. Ancaq indi pul haqda danışırıq. Dadı qaçmış saqqızı nə qədər çeynəmək olar?”