Elxan Abdullayev Vaqif Qasımovla problemi olduğunu boynuna aldı
16.11.2011 - 13:50
Elxan Abdullayev Vaqif Qasımovla problemi olduğunu boynuna aldı
“AZAL haqda saytlarda yazılanları oxuyur, oyunlardan fraqmentlərə baxıram. Amma klubdan ayrıldıqdan sonra hələ stadiona getməmişəm”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL klubunun sabiq baş məşqçisi Elxan Abdullayev deyib.

Yayda Nazim Süleymanovun istefasından sonra baş məşqçi postuna gətirilən Abdullayevin “təyyarəçilər”dəki karyerası uğurlu alınmadı. Belə ki, onun rəhbərliyi altında 11 rəsmi oyun keçirən paytaxt klubu aktivinə cəmi 10 xal yazdırmağı bacarmışdı.

Turnir cədvəlində 11-ci pilləyə qədər yuvarlanması sponsorların narazılığına səbəb olmuşdu. Buna görə də Abdullayev postundan istefa vermək qərarına gəldi. Onun gedişindən sonra bir oyun keçirən AZAL “Qəbələ”ni böyük hesabla (3:0) yendi.

Abdullayev uğursuzluğun səbəbini belə izah edib: “İş prosesini düzgün qurmuşdum. Sadəcə, bəzi futbolçular bu prosesə layiq deyildilər. Məşqçinin tələblərinə uyğun gəlmirdilər. Mən öz planlarıma uyğun futbolçu yığmalı idim. Bu heyətin yarısı dəyişməli idi. Ancaq təyinatım zamanı komanda qurulmuşdu. Onları yeniləmək üçünsə vaxt lazım idi. Futbolçuların əksəriyyətinin müqaviləsi vardı. Onları komandadan qovmaqla, gərək kompensasiya ödəyəydin. Bu da klubu ziyana salacaqdı. Buna görə də islahatlar aparmadıq. Həm də futbolda əsas məsələ qol vurmaqdı. Mənim vaxtımda bunu edə bilmirdilər”.

Baş məşqçi ilə yanaşı, klub prezidenti Vaqif Qasımov da vəzifəsindən kənarlaşdırılıb. Onların aralarında daim ziddiyyətin olması barədə dəfələrlə KİV-də xəbərlər yazılıb. Elə Elxan Abdullayev də dolayısı ilə bunu təsdiqlədi: “Bu məsələyə toxunmaq istəməzdim. Şəxsi işimiz idi. Ailədə hər zaman söz-söhbət olub. Kimsə, bunu inkar etmir”.