“Slaviya” ilə müqavilə bağlamağa gedirdim...”
16.11.2011 - 15:20
“Slaviya” ilə müqavilə bağlamağa gedirdim...”
Azərbaycan yığmasının və “Bakı” klubunun yarımmüdafiəçisi Elvin Məmmədovun apasport.az saytına müsahibəsi

- Uzunmüddətli zədədən sonra yenə də yaşıl meydançalara qayıtmısınız. Komandaya tam uyğunlaşdığınızı demək olarmı?
- Zədədən sonra bir müddət oynamadım. Hazırda isə özümə gəlirəm. Komandaya uyğunlaşıram. Əgər yenə zədələnməsəm, hər şey ən qısa zamanda yoluna tam düşəcək.

- Hal-hazırda “Bakı”da vəziyyət qeyri-sabitdir. İddialar ilə turnir cədvəlindəki yeriniz üst-üstə düşmür. Bu, futbolçularda hansısa gərginlik yaradırmı?
- Komandanın heyətinə nəzər salsaq, təklikdə hamımız normal futbolçularıq. Bəlkə də, hazırda 2-ci yerdə ola bilərdik. Sadəcə, komanda təzə olduğu üçün “uğur zənciri” tam alınmır. Komanda 1-2 oyun yaxşı oynadıqdan sonra yenə uduzur. Məncə, vəziyyət bundan sonra düzəlməyə doğru getməlidir. Əgər indi desək ki, komandanın heyəti təzədir, bu, düzgün çıxmaz. Bizim limitimiz artıq dolub. Normal futbol oynamağa başlamalıyıq.

- Uyğunlaşma dövrünün bu qədər uzun çəkdiyini başa düşmək olmur. Hər halda, siz “Bakı”ya hansısa əcnəbi ölkədən gəlməmisiniz...
- Razıyam. Mən azərbaycanlı olduğum üçün “Bakı”nın nəyə qadir olduğunu bilirəm. Sadəcə, bizim komandanın demək olar yarıdan çoxu dəyişib. Ötənilki futbolçulardan cəmi 3-4 nəfər əsas heyətdə oynayır. Bəli, razıyam ki, artıq bundan sonra “bizə zaman lazımdır” sözlərini demək olmaz. “Bakı” oyununu möhkəmlətməlidir.

- Bəlkə, Starkovun qoyduğu taktika sizə uyğun deyil. Hər halda, “Bakı”nın futbolçuları qurulan hücumu məntiqi sonluğa çatdırmaqda çətinlik çəkirlər...
- Kənardan baxanın düşüncəsinə münasibət bildirmək istəmirəm. Məşqçi nə deyirsə, biz də onu edirik. Mən “Qarabağ”da tam başqa futbol oynayırdım. Burada isə başqa taktikada mübarizə aparırıq. Yəni, hər bir məşqçinin öz fəlsəfəsi var. Sonluğu gətirmək isə qalır futbolçuya. Starkov çıxıb kiminsə yerinə ötürmə verəsi deyil ki... Burada məşqçilik bir şey yoxdur. İş qalıb futbolçunun ümidinə. Bu, mənə, Jabaya, Parksa və digərlərinə də şamildir.

- Yaşınız az olsa da, Azərbaycanda iddialı klublarda oynamısınız. Son klubunuz “Qarabağ”la “Bakı” arasında nə kimi fərqlər var?
- Qardaş, “Qarabağ”da qorunub-saxlanan heyət var. Komandaya gələn futbolçu da uyğun seçilir. Onların futbolu ötürmələr üzərində qurulub. “Bakı”da isə oyunçular tez-tez dəyişir. Odur ki, “Bakı” ilə “Qarabağ”ı müqayisə etmək olmaz. Əvvəl “İnter”də də yaxşı heyət var idi. Özümü bu komandada yaxşı hiss edirdim. “Qarabağ”da oynayarkən də rahat idim.

- “Turan”da çıxış edəndə Azərbaycanın ən perspektivli futbolçularından biri sayılırdınız. Yəni, indikindən daha güclü bir futbolçu vəd edirdiniz. Bəs son zamanlardakı bu geriləmə nə ilə bağlıdır?
- Düzdür, Azərbaycan futbolunda və başqa ölkələrdə futbolçuya deyirlər ki, “şişib”. Mən də arada keçmişə nəzər salıram. “Turan”da normal futbol oynadıqdan sonra “İnter”ə gəldim. “İnter”dən milli komandaya çağırıldım. Sonra Valentin Xodukin məni bəzi səbəblərə görə, oynatmadı. “Qarabağ”dan da milli komandaya çağırıldım. Bu zaman mənə Praqanın “Slaviya” klubundan dəvət gəlmişdi. Qurban müəllim özü də bilirdi. Amma baş məşqçi amilinə görə alınmadı. Müqaviləyə qol çəkməyə gedirdim artıq. Daha sonra zədələr məni yıxdı. Bundan sonra məndə geriləmələr başladı. Bilirsiniz, futbolçu üçün əsas oyundur. Futbolçu oynamadısa, futbolçu deyil. İstəyirsən, Elvin olmursan, Mahmud Qurbanov ol. Bəlkə də, potensialımı lazım olduğu qədər açmadım. Oynamaq ilk növbədə mənim özümdən asılı olan bir şeydir. Amma bəzi amillər də var idi ki, buna imkan vermədi.

- Futbolçunun “şişmə” məsələsinə özünüz də toxundunuz. Özündən razılıq və ya bəzi məsələlər sizdə də olubmu?
- “İnter”də oynayanda Elxan Abdullayev haqqımda belə deyirdi. Deyirdi ki, Elvin “ulduz xəstəliyi”nə tutulub. Amma Azərbaycanda ulduz futbolçu yoxdur. Mənə bilirsiniz nə çatmır? Ulduz dediyin ən azından Rusiya Premyer Liqasında, Türkiyə Superliqasında oynamalıdır. Azərbaycanda futbolçu nə edib ki, “şişib”? Nəticə etibarı ilə biz Azərbaycanda oynayırıq. Ola bilər ki, futbolçu rejimi bir az pozsun. Amma “ulduz xəstəliyi” mənə çatmır.

- Legioner həyatı yaşamağın vacibliyini vurğuladınız. Bu istiqamətdə hansı işlər görürsünüz?
- Azərbaycan futbolunun inkişafı, milli komandanın yaxşı nəticələr qazanması üçün bizim legioner həyatı yaşamağımız vacibdir. Əgər biz Azərbaycandan çıxmasaq, elə yerimizdə sayacağıq. Dmitri Kruqlov “Rostov”da çıxış edir. Bizim şansımız yoxdurmu, ora getməyə? Azərbaycanda Kruqlovdan da güclü oyunçular var. Sadəcə, bizi bu mərhələyə çıxaracaq menecer lazımdır.

- Yetişdiyiniz komandada, “Turan” da bu gün vəziyyət həqiqətən də acınacaqlıdır. Bu barədə nə deyə bilərsiniz?
- Tovuz Azərbaycan futboluna xidmət edən 3-4 rayondan biridir. Amma futbolçu üçün karyera baxımından, maddi vəziyyət də vacibdir. Maddiyat uzun müddət olmayanda futbolçunun məşqə çıxmaması normal bir şeydir. Növbəti turda “Turan”a qarşı oynayacağıq. Onlar istənilən vəziyyətdə rəqiblərinə baş ağrısı ola biliblər.

- Bir müddət öncə hərbi xidmətə yollanmaq ehtimalınız gündəmə gəlmişdi. Bununla bağlı nə yenilik var?
- Məsələ ilə klub rəhbərliyi məşğul olur.