“Bu ölkədə atamdan yaxşı məşqçi olmayıb” – MÜSAHİBƏ
21.11.2011 - 16:30
“Bu ölkədə atamdan yaxşı məşqçi olmayıb” – MÜSAHİBƏ
AZAL klubunun sabiq baş məşqçisi Elxan Abdullayevin apasport.az saytına müsahibəsi

- Premyer Liqanın XIII turunda keçirilən oyunları izlədinizmi?
- Bəli, baxmışam.

- AZAL-ın oyunu sizdə necə təsir bağışladı?
- Düzü, bu görüşü canlı yox, fraqmentləri izləmişəm.

- Son 2 turda qazanılan qələbə o anlama gəlmir ki, komanda futbol oynamaq üçün sizin getməyinizi istəyirdi?
- İndi bunu dəqiq bilmirəm. Bu, fakt deyil, ehtimaldır. Bəlkə də belədir, bəlkə də yox. Amma baxanda elə görünür.

- Doğurdanmı futbolçular sizin istefanıza çalışırdılar?
- Komandaya vaxt lazım idi. Bəlkə də, AZAL-ın qələbə qazanmaq üçün vaxtı gəlib çatıb.

- Vaxt amili ilə razıyıq. Amma 7 turda qələbəyə həsrət komandanın ardıcıl 2 oyunda qol buraxmadan udması, başqa nüanslar meydana çıxarmırmı?
- Məsələn...

- Yəqin ki, ortada başqa problemlər var imiş...
- Sözünüzdən elə çıxır ki, futbolçular Elxan Abdullayevə görə qəsdən uduzurmuşlar. Əgər futbolçu həqiqətən də bunu edirsə, deməli, yaxşı futbolçu, həm də yaxşı insan deyil. Bunu rəhbərlik görərdi, araşdırardı. Mənə elə gəlir ki, əgər elə futbolçular varsa, onları komandada saxlamaq olmaz. Onlar komandanı Elxan Abdullayevə görə qurban edirlər. Biz, sadəcə danışırıq. Bəlkə elə deyil... Braziliyadan gətirdiyim Şütz son oyunlarda qollar vurur. Amma gələndə demişdim ki, bu, braziliyalıdır. Azərbaycana uyğunlaşması üçün vaxta ehtiyacı var. Görürsünüz, vaxtı çatdı, qollarını vurur.

- Vaxtilə əvəzedici heyətə göndərdiyiniz Bronislav Arsenyeviç və Robert Petrov hazırda əsas heyətdə çıxış edirlər. Arsenyeviç son oyunda qol vurmaqla AZAL-ın qələbəsində rol oynadı. Buna necə şərh verə bilərsiniz?
- Bəziləri burada nəsə başqa məsələ axtarırlar. Mən onları əvəzedici heyətə göndərəndə də deyirdim ki, bu o demək deyil ki, onlar pis futbolçulardır. Sadəcə, pis oynayırdılar. Futbolçuda məsuliyyət olmalıdır. O, başa düşməlidir ki, pis oynasa, sabah heyətə düşməyəcək. Onları “onsəkkizliy”ə düşmədiklərinə görə, əvəzedici heyətə göndərdim ki, oyun praktikası baxımından əziyyət çəkməsinlər. Həmin 2 nəfər mənə “çox sağ ol” deməlidirlər ki, bu praktika onlar üçün xeyirli oldu. Arsenyeviç qol vurdu, Petrov da pis oynamır. Futbolda belə praktikalar var. Ona pislik etsəydim, komandadan çıxarardım. Deyərdim, transferə çıxarılsın, vəssalam.

- Dediniz ki, hər bir komandanın vaxta ehtiyacı var. Əgər qələbəyə ümidiniz vardısa, niyə istefa verdiniz?
- Komanda uçuruma gedirdi. Məğlubiyyət komandaya psixoloji cəhətdən mənfi təsir göstərir. Nəsə olmalı idi. Mən bu addımı qəsdən atdım. Nəsə etməli idim. 7 tur qalib gəlməyən komandada nəsə yenilik lazım idi. Qərara gəldim ki, gedim. Mən obyektiv bir adamam. Bəziləri deyir ki, AZAL-dan istefa verdikdən sonra iş yeri tapa bilməyəcəm. Belə deyil. Məşqçi həmişə irəli baxmalıdır. Səhvləri düzəltmək lazımdır. Komandaya gələndə gərək həkimdən tutmuş ən sadə işçiyə kimi hamı sənin dostların olsun. Demirəm ki, AZAL-da pis oldu. Sadəcə, öz komandan ilə gələndə daha yaxşı olur. Mən tək gəldim. Rednik rumınları gətirir, Starkov öz ölkəsindən cəlb edir. Bütün bunlar dəstəkdir. Hər şeyi faciəyə çevirmirəm. Zaman göstərəcək ki, mən səhvəm yoxsa, düz.

- Hər halda, bu sizin üçün zərbə oldu...
- Əlbəttə. Amma yenə AZAL-a uğur arzulayıram. Çünki mənim də bu komandada zəhmətim olub.

- Prezident Vaqif Qasımov da sizinlə birgə komandadan gedib. Belə başa düşmək olar ki, öz xoşunuzla istefa verməmisiniz?
- Bu suala tam cavab verə bilmərəm. Sadəcə, özümdən danışaram. Məni heç kim bu komandadan qovmayıb, özüm yaxınlaşıb demişəm ki, icazə verin mən gedim. Vaqif Qasımov belə məsləhət bilibsə, deməli, belə yaxşı imiş.

- AZAL ilk “altılığ”a düşə biləcəkmi?
- Əlbəttə. Fikirləşirəm ki, medalçılar sırasına da düşə bilər. Komandanın birində geriləmə olanda, digərində yüksəliş başlanır. AZAL-ın yaxşı şansları var. Ancaq rəqibləri udmaq barədə fikirləşməlidir. Növbəti turda “İnter”i udmalıdır.

- Sizi daha çox köməkçi məşqçi kimi tanımışıq. Yenə bu vəzifədə çalışmağa razılıq verərsinizmi?
- Mən heç vaxt utanmıram. Bəzi məşqçilər bunu özlərinə ayıb sayırlar. Futbolçu tərbiyəsi almışam. Atam da məşqçi olub. Bu ölkədə atam Ruslan Abdullayevdən yaxşı məşqçi olmayıb. Amma o baş məşqçi də işləyib, köməkçi də çalışıb. O, həmişə deyirdi ki, utanmaq lazım deyil. Mütləq futbolun içində olmalısan. Bəlkə mənim baş məşqçi olmağım üçün illər keçəcək. Əgər yaxşı təklif olsa, yaxşı məşqçi olsa, ona insan kimi, məşqçi kimi hörmət etsəm, ona kömək edərəm.

- Siz Ruslan Abdullayev kimi məşqçi ola bilərsinizmi? Özünüzdə bu perspektivi görürsünüz?
- Mən ondan yaxşı olmağa çalışacağam. Nə yaşım var? Hələ hər şey qarşıdadır. Özünə inanmayan bir insan heç vaxt irəli gedə bilməz.
0