“Oynaya bilməsək, hakim bizə necə kömək edə bilər?”
02.12.2011 - 17:15
“Oynaya bilməsək, hakim bizə necə kömək edə bilər?”
“Neftçi” klubunun qapıçısı Rauf Mehdiyevin apasport.az saytına müsahibəsi

- Mövsümün əvvəlindən bu yana start heyətində meydana çıxmırdınız. “Simurq”la matça meydana ilk dəqiqələrdən çıxmaq sürpriz olmadı?
- Xeyr. Qarşılaşmadan 2 gün əvvəl baş məşqçi və köməkçiləri ilə söhbətimiz olmuşdu. Məşqçilər hazırlaşmağımı söylədilər. Ona görə də əsas heyətdə meydana çıxacağımı gözləyirdim.

- Adətən futbolçular bir müddət oynamadıqda təcrübə baxımından əziyyət çəkirlər...
- Hər futbolçunun öz oyun tərzi, futbola yanaşma metodu var. Hansısa problemlə qarşılaşdığımı deyə bilmərəm. Sadəcə, matçın ilk 5-6 dəqiqəsində müəyyən gərginlik vardı. Görünür, bu da bir müddətdir oynamamağımla bağlı idi. Sonra hər şey qaydasına düşdü.

- Kubok görüşü ilə bağlı nə deyə bilərsiniz?
- Ağır oyun olacağını bildirdik. Çünki cari mövsümdə buna qədər “Simurq”la Premyer Liqa çərçivəsində bir dəfə qarşılaşmışdıq. Həmin görüşdə qələbə topunu son dəqiqələrdə vurduq. Təbii ki, bunu unutmamışdıq. Kubok qarşılaşması bir oyundan ibarət olduğu üçün maksimum diqqətli olmalı idik. Flavinyonun qırmızı vərəqə almasından sonra işimiz bir qədər də çətinləşdi. Daha çox hesabı qorumağa çalışdıq və sonda istəyimizə çatdıq. “Simurq” həqiqətən yaxşı komandadır. Onlar istənilən oyunda sürpriz edə biləcək gücdədirlər. Sona qədər mübarizə aparırlar.

- Flavinyonun qırmızı vərəqə almasından sonra “Simurq” daha fəal idi. Bəzi epizodlarda sizə çətin anlar yaşatmağı bacardılar...
- İşimiz qapını toxunulmaz saxlamaq, qol buraxmamaqdır. Qazanılan qələbə tək mənim yox, bütün komandanın zəhmətidir.

- 1/4 finalda ötən il olduğu kimi, yenə “Kəpəz”lə qarşılaşacaqsınız. Əzəli rəqibi yenə mübarizədən kənarlaşdırmaq çətin olmayacaq?
- Bu gün “Simurq”, “Kəpəz” kimi komandalardan hər an sürpriz gözləmək olar. Həqiqətən yaxşı komandadırlar. Gəncəlilər uğur istəyirlər. Üstəlik “Kəpəz”ə yeni baş məşqçi təyin edilib. Təsadüfi deyil ki, onlarla görüşdə çempionat oyununda iki xal itirdik. Çətin olacağını deyə bilərəm.

- Aydın məslədir ki, sona yaxınlaşdıqca mübarizə gərginləşir. Buna görə də komandalar iki cəbhədən birinə üstünlük verirlər. Necə düşünürsünüz, son çempion üçün hansı daha önəmlidir: kubok, yoxsa çempionluq?
- Komandanın qarşısına hər iki cəbhədə uğur qazanmaq tapşırığı qoyulub. Ötən il “Xəzər Lənkəran” yolumuzu kəsdi. Bu il sona qədər mübarizə aparacağıq. Qismət olsa, “qızıl dubl” etmək istəyirik.

- Mövsümün əvvəlində qeyri-sabit nəticələr qazanan “Neftçi” artıq zirvədə qərarlaşıb. Komandanın özünə gəldiyini demək olarmı?
- Zaqreb “Dinamo”su ilə oyundan sonra komanda şokda idi. Buna görə də çempionatın əvvəlində bəzi oyunlarda uduzduq. Hiss olunur ki, komanda oyundan oyuna artırır. “Qarabağ”la görüşdən sonra yüksəlişdəyik.

- Həftəsonu yenə “Simurq”la, amma bu dəfə doğma meydanda qarşılaşacaqsınız. Hələ ki, “Neftçi” ilə cari mövsümdəki duellərdə Zaqatala təmsilçisi xal qazana bilməyib. Həftəsonu onlardan sürpriz gözləməyə dəyərmi?
- “Simurq”un hansısa uğurunu sürpriz adlandırmaq olmaz. Bu komanda “Xəzər Lənkəran” kimi iddialı komandadan xal almağı bacarıb. Təbii ki, kubokdakı qələbədən sonra bu oyuna daha yaxşı motivasiya ilə hazırlaşacağıq. Qətiyyən boşalmaq olmaz. Artıq Zaqataladakı görüş qurtaran kimi, paltardəyişmə otağında uşaqlar növbəti tura hazırlıq haqda danışırdılar.

- Ötən il də “Neftçi” zirvəni qışda əldə keçirdi və mövqeyini sona qədər qorudu. Tarix təkrarlana bilərmi?
- Zirvəni əldən verməməliyik, qorumalıyıq. Əgər “Xəzər Lənkəran”dan 7 xal geri qalmağımıza baxmayaraq, onlara çatıb, liderliyi ələ keçirmişiksə, bunu sona qədər davam etdirməliyik.

- Çoxları çempionluq uğrunda mübarizənin “Neftçi”və “Xəzər Lənkəran” arasında gedəcəyini, “Qarabağ”ın da buna şərik ola biləcəyini deyir...
- “İnter” və “Bakı”nı da yaddan çıxarmaq olmaz.

- “Neftçi”nin uğurlarında hakimlərin rolunun az olmadığı deyilir. Nədənsə, tez-tez komandanızın lehinə səhvlər edilir…
- Uduzan komandalar səhvi dərhal hakimdə axtarırlar. Başa düşmürəm, oynaya bilməsək, hakim bizə necə kömək edə bilər? Hakim bəyəm qol vurur? Ancaq elə olur ki, əksinə, hakimlər bizi sıxışdırırlar.

- Od olmayan yerdən tüstü çıxmaz. Niyə məhz “Neftçi”nin lehinə səhvlər çox olur?
- Altı ildən sonra “Neftçi” çempion oldu, başladılar ki, hakimlər kömək edib. Bugünkü gündə yenə birinci pillədəyik, deyirlər, hakimlər kömək edir. Vallah, anlaya bilmirəm, niyə belə deyirlər? Biz oyunlara ikiqat əzmlə çıxırıq.

- Bu yaşda ehtiyatda oturmaq sizi narahat etmir?
- Kimin oynayıb-oynamayacağına baş məşqçi qərar verir.

- Öz münasibətiniz necədir?
- Bu haqda heç nə deyə bilmərəm. Məşqçilər korpusu var və heyəti onlar qururlar. Mən hər zaman oynamağa hazıram.
0