Samir Abasov: Cinahda “quşlayır”dıq
05.12.2011 - 15:23
Samir Abasov: Cinahda “quşlayır”dıq
“Hesabı bərabərləşdirdikdən sonra komanda yoldaşım Ruslan Tağızadəyə dedim ki, yığış, oyna, udacağıq. Mənim “Qəbələ” və ya oradakı azarkeşlə nə problemim var ki?” Bu sözləri apasport.az saytına açıqlamasında “Sumqayıt Şəhər” klubunun müdafiəçisi Samir Abasov deyib.

Premyer Liqanın XV turunda səfərdə “Qəbələ” ilə qarşılaşan “Sumqayıt Şəhər” 1:3 hesabı ilə məğlub olub. Matçın gedişində tarazlığı bərpa etdikdən sonra Abasov üzünü komanda yoldaşına çevirib, narazılığını bildirdi. Həmin an bəziləri Samirin tribunada kiməsə jest elədiyini düşünürdü. Lakin futbolçu bildirib ki, iradı Tağızadəyə idi: “Cinahda “quşlayır”dıq. Ona dedim ki, bir az möhkəm ol. Rəqib standart vəziyyətdən qol vurdu, biz də diqqətsizlik etdik. Biz onların “silah”ını bilirdik. Bilə-bilə qol buraxmaq, komandanın günahıdır”.

Komanda yoldaşlarının bəzilərindən narazı qalan futbolçu onların hətta “Sumqayıt Şəhər”də oynamağa layiq olmadıqlarını da qabardıb: “Əfsuslar olsun ki, belə oyunlara layiq olmayan futbolçularımız var” .

Qışda heyətin mütləq gücləndirilməli olduğunu deyən Abasov baş məşqçinin bunu artıq anladığını qeyd edib: “Baş məşqçi hər şeyi görür. 2-3 oyunumuz qalıb. Yəqin dəyişiklik olacaq. Hücumu gücləndirməliyik”.

Futbolçu komandanın Sumqayıtı layiqincə təmsil etmədiyini bildirib: “Məni yandıran Sumqayıtdır. Adımız artıq bədnam olub. Əvvəllər Sumqayıtda oynamaqdan qorxurdular. Burda oynamaq asan deyildi. Bilirsiz, futbol kişi oyunudur. Bir az kişi kimi oynamaq lazımdır”.