346 gündən sonra, yenə dekabrda
08.12.2011 - 11:24
346 gündən sonra, yenə dekabrda
“Xəzər Lənkəran” klubunun evdəki məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Premyer Liqanın XV turunda öz meydanında “İnter”ə 0:1 hesabı ilə uduzan komanda 2011-ci ildə ilk dəfə doğma divarlar arasında xalsız qalıb.

“Ağ-yaşıllar” sonuncu dəfə ötən il, indi olduğu kimi dekabrda Lənkəran stadionunu məğlub tərk etmişdi. Həmin vaxt – 2010/11 mövsümündə çempionatın 19-cu turunda “Xəzər Lənkəran” “Qarabağ”a 1:2 hesabı ilə uduzmuşdu. 2010-cu il dekabrın 23-dəki məğlubiyyətdən sonra 346 gün idi ki komanda öz meydanında uduzmurdu.

Bu müddətdə 1 avrokubok (heç-heçə, top fərqi 0:0), 3 ölkə kuboku (2 qələbə, 1 heç-heçə, top fərqi 5:1), 13 çempionat (9 qələbə, 4 heç-heçə, top fərqi 24:8) oyununda qonaqlar qələbəyə həsrət qalmışdı. Bu 17 matçda “Xəzər Lənkəran” 11 qələbə qazanıb, 6 heç-heçə etmişdi.

Qeyd edək ki, bu komandanın Azərbaycan çempionatlarında öz meydanında keçirdiyi 108-ci matçda 10-cu məğlubiyyət idi. Evdə 67 qələbəsi və 31 heç-heçəsi olan “Xəzər Lənkəran” qonaqların qapısına 191 qol vurub, 56-nı buraxıb.
0