“Sovet dövründə belə şeylər yox idi”
08.12.2011 - 12:00
“Sovet dövründə belə şeylər yox idi”
“Anji” klubunun böyük məşqçisi Vaqif Sadıqovun apasport.az saytına müsahibəsi

- Bakıya gəlişinizin səbəbini bilmək olarmı?
- Hazırda Rusiya Premyer Liqasında tətildir. Bundan istifadə edib, Vətənə gəlmişəm.

- “Anji” nə vaxt bir araya gələcək?
- İstirahət yanvarın 8-də başa çatacaq. Həmin gün komanda yenidən bir araya gələcək. Hazırlıq 3 mərhələdən ibarət olacaq. Yanvarın 10-da hazırlıq üçün Birləşmiş Ərəb Əmirliyinə yollanacağıq. Ardından Malaqada təşkil ediləcək turnirə qatılacağıq. Sonuncu mərhələ isə Türkiyədə reallaşacaq.

- Komandadakı durumunuz necədir?
- Müqaviləm var və hazırda işimin başındayam.

- Həlledici mərhələ çərçivəsində artıq 2 oyun keçirmisiniz və nəticələri uğurlu saymaq olar. Necə düşünürsünüz, “Anji” qarşıya qoyulan hədəflərə çata biləcəkmi?
- Həmin 2 görüşdə “Zenit”lə heç-heçə oynayıb, Moskva MOİK-ini məğlub etmişik. Fikrimcə, nəticələr pis deyil. Düşünürəm ki, Avropa Liqasına vəsiqə verən yerlərdən birini tutacağıq. Əlbəttə, transfer çalışmalarından da çox şey asılı olacaq. Hazırda yerli futbolçuların transferində maraqlıyıq. Proses gedir. Hədəflərimiz böyükdür.

- Roberto Karlosun Bakıya səfəri planlaşdırılmışdı. Bu səfər niyə baş tutmadı?
- O, xəstələndiyi üçün Bakıya gələ bilmədi. Amma özü gəlməkdə maraqlı idi.

- Onun Azərbaycan haqda hansısa məlumatı var?
- Azərbaycan haqda müsbət düşüncələrə malikdir. Həm də Karlos ölkəmizdə gedən sürətli inkişafı əyani görmək istəyir. Bu səbəbdən onun Bakıya gələcəyini deyə bilərəm.

- AFFA-nın İcraiyyə Komitəsinin iclasında Berti Foqtsla müqavilənin müddətinin uzadılması barədə qərar qəbul edildi. Yığmanın sabiq çalışdırıcısı kimi, sizin buna münasibətinizi bilmək maraqlı olardı...
- Gözlənilən hal idi. İndiki məqamda düzgün qərar qəbul edildi. Berti Foqts futbolumuza bələddir və artıq keçid dövrünü arxada qoyub. Amma baş məşqçinin qarşısına bu dəfə daha böyük məqsədlər qoymaq lazımdır. Qrup çərçivəsində 3-cü yer uğrunda mübarizə aparmaq olar.

- Bu, realdırmı?
- Niyə də yox? Foqtsu yaxşı nəticələr qazanmaq üçün saxlayıblar. Aparılan işlər, islahatlar uğura imza atmağa imkan verir. Buna mərhələ-mərhələ nail olmaq lazımdır. Qrupumuzda yer alan komandalardan Şimali İrlandiya, Lüksemburq və İsrailə qarşı mübarizə aparmaq olar. Çünki bu komandalarla müxtəlif vaxtlarda rəsmi və yoldaşlıq oyunlarında üz-üzə gəlmişik.

- Rəqiblərimizdən biri də Rusiya yığmasıdır. Püşkdən sonra millimizə qarşı onların münasibəti necə oldu?
- Azərbaycan futboluna bələddirlər və millimizlə 2 il əvvəl bir qrupda mübarizə aparıblar. Onlar yığmamızdan hər an təhlükə gözlənildiyini vurğuladılar.

- Bu arada yığmanın əsas qapıçısı hesab edilən Kamran Ağayevin “Xəzər Lənkəran” rəhbərliyi tərəfindən əvvəlcə əvəzedici komandaya göndərilməsi, ona bir müddət əsas heyət yer verilməsinin yığma üçün mənfi hal yaradacağını düşünmək olarmı?
- İstər-istəməz təsir edəcək. Əlbəttə, bu klubun daxili işidir. Futbolçuları yaxşı tanıyıram və onların peşəkar olduqlarını bilirəm.

- Azərbaycan çempionatını necə, izləyirsinizmi?
- Bəzi oyunlara baxa bilmişəm. Həftəsonu keçirilən AZAL – “Bakı” qarşılaşmasını izlədim. Daha artığının olmasını gözləyirdim.

- Oyunlarda sürət artıbmı?
- Yenə deyirəm, daha artığını gözləyirdim.

- Turnir cədvəlinə diqqət yetirərkən, hansı komandanı çempionluq yolunda daha şanslı sayırsınız?
- Yuxarı yerlərdə qərarlaşan komandaların şansları qat-qat çoxdur. Qarşıdan qış fasiləsi gəlir və “transfer pəncərəsi” açılacaq. Kim səmərəli istifadə edə bilsə, sonda bəhrəsini görəcək.

- Artıq aşağı pillələrdə qərarlaşan komandaların iddialılardan xal aldığını görürük. Kimisi güclü komandaların zəiflədiyini, bir qrup insan isə zəiflərin gücləndiyini deyir. Bununla bağlı sizin fikriniz necədir?
- Birmənalı şəkildə nəsə demək olmaz. Hər iki fikrin yeri var. Yuxarılar aşağılarla oyunlara istənilən səviyyədə konsantrasiya ola bilmir. Aşağılar isə əksinə, onlarla matçlarda var gücləri ilə oynayıb xal almağa çalışırlar.

- Dünən yığmanın və “Bakı”nın sabiq futbolçusu Rafael Əmirbəyov üçün vida matçı keçirildi. Bu cür oyunların keçirilməsi karyerasını bitirən futbolçu üçün hansı əhəmiyyətə malikdir?
- Rafaelin yaxşı tanıyıram. O, futbola 1995-ci ildə “Fərid”də başladı. Ona komandaya mən rəhbərlik edirdim. Daha sonra böyük klublara yollandı. Gözəl insan, yaxşı futbolçudur. Onun məşqçi kimi də uğur qazanacağına inanıram. Bu anlar bütün futbolçular üçün var. Sevinclidir ki, formasını geyindiyin klub sənin üçün vida matçı təşkil edir. Sovet dövründə belə şeylər yox idi.