“İndi futbolçular özlərini göstərmək üçün dəridən-qabıqdan çıxacaqlar”
08.12.2011 - 13:04
“İndi futbolçular özlərini göstərmək üçün dəridən-qabıqdan çıxacaqlar”
“Xəzər Lənkəran”la qarşılaşma ağır olacaq. Bizi onlarla oyunlarımız gərgin keçir”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Əfran İsmayılov deyib.

Dekabrın 10-da “ağ-yaşıllar” qonağı olacaq Ağdam təmsilçisi bu gün Lənkərana yollanır. Klubun saytına açıqlama verən İsmayılov bildirib ki, cənub təmsilçisində baş məşqçi dəyişikliyi onların əleyhinədir: “Çalışacağıq ki, öz oyunumuzu göstərək. Rəqibin baş məşqçinin dəyişməsi, bizim əleyhimizədir. İndi bütün futbolçular özlərini göstərmək üçün dəridən-qabıqdan çıxacaqlar. Üstəlik, Cüneyt Biçər “Bakı”nı çalışdırarkən, bizə Quzanlıda ilk məğlubiyyətimizi yaşatmışdı. Bu amilləri nəzərə alsaq, oyununu çətin olacağını söyləmək olar”.

Əfran oyunun azarkeşsiz keçirilməsinə də münasibət bildirib: “Şəxsən mənim üçün dolu tribunalar qarşısında oynamaq daha asandı. Məndən olsa, azarkeşlərin önündə oynamaq istərdim. Fanatların təzyiqi və ya dəstəyi ilə oyun daha sürətli keçir, həm də motivasiya yüksək olur. Amma qismət belə imiş. Bizi hazırda “Xəzər Lənkəran”dan 4 xal ayırır. Qələbə qazanacağımız təqdirdə, xal fərqinin azalması bizə heç də təzyiq yaratmır”.

Yarımmüdafiəçi “Son oyunlarda fərqlənməklə lazımı formaya qayıtmısınzmı” sualını belə cavablandırıb: “Vallah, nə deyim? Deməzdim ki, qol vurmaqla hər şey düzəlir. Mənim keçirdiyim zədə futbolda ən ağır zədələrdən sayılır. Əsas odur ki, onun fəsadlarından qurtardım. Mən heç vaxt özüm üçün oynamağa çalışmamışam. Düzdü, topla oynamağı sevirəm. Amma həmişə komandam üçün faydalı olanı etməyə çalışmışam”.