Vəli Qasımov: Yerro mənə dedi ki... - MÜSAHİBƏ
08.12.2011 - 14:00
Vəli Qasımov: Yerro mənə dedi ki... - MÜSAHİBƏ
Azərbaycan yığmasının məşqçisi, veteran hücumçu Vəli Qasımovun apasport.az saytına müsahibəsi

- “Pro” kursları ilə əlaqədar İspaniyada oldunuz. Əvvəlcə sizin üçün ikinci vətən sayılan İspaniya səfəri haqında məlumat verərdiniz...
- Bildiyiniz kimi, kurslara qatılan 11 nəfərin qarşısına belə bir şərt qoyulub ki, mütləq 2 əcnəbi klubun düşərgəsində olmalıyıq. Variantlar çox idi. Kimə müraciət etsəydim, qəbul edərdilər. Amma İspaniya variantına üstünlük verdim. Çünki vaxtilə bu ölkədə oynamışam, dilini bilirəm. Beləcə, “Betis” və “Malaqa” arasında seçim edib, ikincisinin düşərgəsində oldum.

- “Malaqa”nın baş məşqçisi Manuel Pelleqrini sizi adi bir tələbə, yoxsa İspaniya çempionatında uzun müddət oynamış biri kimi qəbul etdi?
- Açığı, bu klub məndə maraq oyatdı. Pelleqrini məni çox yaxşı qarşıladı. Onunla tərcüməçi olmadan ünsiyyət qururdum. 10 günlük səfər zamanı 1 həftə əsas heyətin məşqlərində iştirak etdim. Üstündən vaxt keçdiyinə, zaman hər şeyi dəyişdiyinə görə, heyətdə yer alan futbolçuların heç biri ilə şəxsi tanışlığım yoxdur.

- İspaniyada daha hansı tanınmış futbol adamı ilə görüşdünüz?
- Açığı, onlar mənim üçün adi insanlardır. Çünki mən də onlardan biriyəm. İspaniya millisinin və “Real” klubunun sabiq üzvü Fernando Yerro ilə görüşüm oldu. Hazırda “Malaqa” klubunun idman-direktoru çalışan Yerro vaxtilə mənə qarşı oynayıb. Soruşdu ki, necəsən, nə işlə məşğulsan? Ona gördüyüm işlər haqında danışdım. Yerro mənə dedi ki, sənin qulluğunda hər zaman hazıram.

- Uzun müddət idi İspaniyaya getmirdiniz. Ölkədə, onun futbolunda nə dəyişikliklər var?
- Hər şey yerindədir. İspaniyada heç nə tez-tez dəyişmir. Amma futbolu günü-gündən inkişaf edir. Bəlkə də, bu onlar üçün adi işdir. Yəni, işin içində olduqlarına görə, tam bilmirlər. Amma orada görülən işlər kənardan gələn adamı valeh edir. Mən bu müddət ərzində çox şey itirmişəm.

- Azərbaycana qayıtmağınıza peşmansınız ki?
- Yox. Sadəcə, olanı deyirəm. Onlar çox böyük addımlarla irəliləyirlər.

- Yəqin ki, vaxtilə oynadığınız “Albasete” klubunun səhmlərini İnyestanın almasından xəbəriniz var...
- Eşitsəm də, xəbəri oxumamışam.

- İş ondadır ki, siz orada oynayarkən, İnyesta hələ bu klubu tərk etməmişdi...
- Ola bilər. Mən “Albasete” klubunu çox sevirəm. Çünki bu klubun mənim karyeramda öz yeri var. Düzdür, bir müddət bəxtsiz anlar da yaşamışam. Zədə səbəbindən ikinci dövrənin oyunlarının bir qismini buraxmışam. Amma bu komandanın heyətində yaxşı qollar da vurmuşam. Bir məsələni də qeyd etməliyəm ki, “Albasete” klubunda həmişə istedadlı futbolçular yetişib.

- Təxminlərdən belə qənaətə gəlmək olar ki, indi “Qızıl top” mükafatına namizəd göstərilən İnyesta vaxtilə sizin top daşıyanınız olub...
- (düşünür). Bilirsiniz necədir, mənzərə gözümün qabağına gəldi. Bəli, həmin vaxt meydançanın kənarında yeniyetmə futbolçular da var idi. Onlar fasilə zamanı meydançaya çıxıb oynayır, biz meydançada olanda isə öz işlərini görürdülər. Görünən odur ki, İnyesta 100 faiz mənim üçün top daşıyıb (gülür). Amma bu həyatın bir qanunudur. Onlar o vaxt uşaq idilər, futbolun sirlərini təzə-təzə öyrənməyə başlayırdılar. O vaxt biz onlara eyni baxırdıq. Bilmirdik bu İnyestadır, bu Sançezdir...

- Siz İspaniyada olduğunuz müddətdə Azərbaycan futbolu üçün önəmli qərarlar qəbul olundu. Berti Foqtsun daha 2 il milliyə rəhbərlik edəcəyi təsdiqləndi. Buna münasibətiniz necədir?
- Foqts gənclərlə işləməyi sevir. Budəfəki toplanış da bunu göstərir. İndi özünü doğruldanları gələcəkdə milli komandanın heyətində görə bilərsiniz. O, gələcəyin gənclərin əlində olduğuna inanır.

- Sözsüz, hər bir insana yeni məkana uyğunlaşmaq üçün vaxt lazımdır. Foqtsa artıq bu vaxt çoxdan verilib. Sizcə, o, fəaliyyətinin növbəti dönəmində uğur qazana biləcəkmi?
- Bəli. Düzgün qeyd etdiniz ki, hər adama vaxt lazımdır. Foqts artıq bir müddətdir Azərbaycandadır və bu, onun üçün müsbət cəhətdir. Yəqin ki, Foqts mentalitetə bələd olub. O, fəaliyyətinin ilk dönəmində buraxdığı səhvləri, indi buraxmaz.