Yubiley növbəsi Ruslan Abışova da çatdı
09.12.2011 - 00:00
Yubiley növbəsi Ruslan Abışova da çatdı
Premyer Liqanın XVI turu “Neftçi”nin futbolçusu Ruslan Abışov üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, gənc müdafiəçi ölkə çempionatlarında yubiley – 100-cü oyununu keçirəcək.

Özü də Ruslan bu matçların hamısını “ağ-qara” formada keçirib. “Neftçi” ilə Premyer Liqada 100-cü matçına çıxacaq yubilyar 2006-cı sentyabrın 30-da çempionatımızda debüt edib. O, həmin vaxt “Gilan”n üzərində 4:1 hesablı qələbədə pay sahiblərindən olub. Ruslan 79-cu dəqiqədə Aftandil Hacıyevi əvəzləyib. Bununla, Abışovun “Neftçi”dəki çempionat karyerası start götürüb.

mövsüm
oyun
qol
2006/07
7
-
2007/08
12
-
2008/09
16
-
2009/10
25
2010/11
26
2
2011/12
13
2
99
4


“Neftçi”də keçirdiyi 99 çempionat matçında 4 qol vuran Ruslan eyni komandalara qənim kəsilib. Həm ötən, həm də cari mövsüm 2 qol vuran futbolçu ənənəvi olaraq “Qarabağ” və “Simurq”un qapısına yol tapır. Ötən çempionat 2010-cu il noyabrın 28-də səfərdə Ağdam təmsilçisinə, bu il fevralın 19-da “Simurq”la rəqib meydanındakı qarşılaşmada qol vurub. Bu mövsüm isə Abışov artıq 2 turdur meydanı qolsuz tərk etmir. Uğurlu seriyaya malik müdafiəçi noyabrın 26-da yenə səfərdə “Qarabağ”ı, dekabrın 4-də isə “Simurq”u, lakin bu dəfə evdə məyus edib.

Qeyd edək ki, ötən turda da “Neftçi”də 3 yubiley qeydə alınmışdı. Araz Abdullayev “Neftçi”nin 1000-ci qolunu vurmuş, Rail Məlikov çempionatlarda 200, Cavid Hüseynov isə “Neftçi” ilə Premyer Liqada 50-ci oyununu keçirmişdi.

VÜQAR XEYRULLAYEV