Ruslan Abbasov: Səs-küy eşidən kimi aşağı düşdüm - MÜSAHİBƏ
09.12.2011 - 11:04
Ruslan Abbasov: Səs-küy eşidən kimi aşağı düşdüm - MÜSAHİBƏ
“Turan” klubunun müdafiəçisi Ruslan Abbasovun apasport.az saytına müsahibəsi

- Son vaxtlar komandada baş verən olaylar futbolçulara necə təsir göstərib?
- Həqiqətən də üzücü hadisələrdi. Olanlar futbolçulara çox pis təsir göstərib. Tovuzda belə şey olmamışdı. Azarkeşlərimizin adına mənfi haldır. Futbolda bu cür hadisələrin baş verməsinə imkan verməmək lazımdır.

- “Qarabağ”la görüşdən sonra hakimlər döyüldüyü üçün “Turan” növbəti 2 ev oyununu neytral meydanda keçirəcək...
- Bu heç bir komandanı razı sala bilməz. Hər kəs istəyir ki, öz meydanında oynasın və azarkeşlərinin dəstəyini qazansın. Ancaq artıq gecdir və AFFA öz qərarını verib. İstəməzdik ki, bu cür olaylar baş versin. Yenə deyirəm, ölkənin futbol mərkəzlərindən biri hesab edilən Tovuzun adına bu cür hadisələr yaraşmır.

- Ümumiyyətlə, “Qarabağ”la qarşılaşma öncəsi, eləcə də oyun zamanı azarkeşlərdə hansısa gərginlik hiss olunurdu?
- Qarşılaşmadan əvvəl heç nə hiss olunmurdu. Düzdür, meydanda sərt mübarizə gedirdi. Bu da futbol üçün normal haldır. Qırmızı vərəqə aldıqdan sonra mən otağa yollandım. Sonradan səs-küy eşidən kimi aşağı düşdüm, baş verənləri gördüm. Yenə deyirəm, azarkeşlər aqressiv deyildilər. Oyun zamanı meydana hansısa əşya da atmamışdılar. Müəyyən epizodlar zamanı narazılıqlarını bildirirdilər ki, bu da adi haldır.

- Son günlər gah hakim döyülür, gah da komanda fasilədən sonra meydana çıxmır. “Turan”da nə baş verir?
- Komanda hazırda autsayderlər qrupunda yer alıb. Yalnız “Sumqayıt Şəhər”i qabaqlayırıq. İndi hamımız udub, irəliləmək istəyirik. Bəzi hallarda gücümüz çatmır, elə oyunlar da olur ki, hakimlər imkan vermirlər. Bunlar da uşaqlarda psixoloji gərginlik yaradır. “İnter”lə matçın ikinci hissəsinə çıxmamağımıza gəldikdə, bu, klub rəhbərinin qərarı idi. Biz də onun dediyini etdik. Bizdən olsa, sona qədər oynayardıq. Tovuzdan Bakıya oynamağa getmişdik də. Qol olub-olmadığına gəldikdə, bununla bağlı heç nə deyə bilmərəm. Çünki mənim mövqeyimdən baxanda heç nə görünmürdü. Rəhbərlik videoyazıya baxıb və topun xətti keçmədiyini deyib.

- Maliyyə ilə bağlı problem davam edir? Sonuncu dəfə hansı ayın maaşını almısınız?
- İmkan olduqca verilir. Bu olaylar da ortaya düşdü, necə olacağını bilmirəm. Komandanın bu aqibətlə üzləşməsini istəməzdik. Hər il eyni şeylər olur. Pulsuzluq, Premyer Liqada qalmaq uğrunda oynamaq, bütün bunlar adamı yorur. Komandanı dağıtmağa nə var ki... “Turan” çempionatın hər zaman bəzəyi olub. Bütün klublar Tovuzda oynamaqdan ehtiyatlanıb. Çünki heyətindən asılı olmayaraq, istənilən klubdan xal almağı bacarırdı. İndi belə komandanı bu vəziyyətə salmaq düzgün deyil.

- Qarşıdan “Simurq”la oyun gəlir. Amma meydana çıxmayacaqsınız.
- Mən olmasam da, uşaqlar oynayacaqlar. Bizim üçün vacib, lazımlı oyundur. Komanda yoldaşlarımın hamısı əllərindən gələni edəcəklər.

- “Simurq” yüksəlişdə olan komandadır. Düzdür, I dövrədə onları yenmişdiniz. Həmin vaxtlar müqayisədə “Turan”ın heyətində müəyyən qopmalar oldu. Zaqatala təmsilçisi isə artıq formalaşıb.
- Razıyam ki, “Simurq” yaxşı komandadır. Amma səfərə uduzmaq üçün getməyəcəyik. Heç olmasa, 1 xal gətirməliyik.

- “Turan”ı Premyer Liqa ilə vidalaşacaq komandaların sırasına aid etmək olarmı?
- Bu heyətlə yaxşı nəticə qazanmaq mümkün deyil. Qış fasiləsində 3-4 futbolçu heyətə qatılmalıdır. Hansı ki, onlar komandanı arxasınca apara bilsinlər. Cavanlarla uzaqbaşı 1-2 oyun udmaq olar. Artığını bacarmaq mümkün deyil.