Artim Şakiri: Hansı komandanızın baş məşqçisi dəyişəcək?
10.12.2011 - 00:06
Artim Şakiri: Hansı komandanızın baş məşqçisi dəyişəcək?
“Hazırda heç bir klubla bağlılığım yoxdur. Evdə oturmuşam. Məşqçi fəaliyyətinə başlamaq üçün bir təklif gözləyirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Makedoniya yığmasının sabiq kapitanı Artim Şakiri deyib.

Karyerasının son illərində “Qarabağ” klubunun formasını geyinmiş Şakiri ölkə kubokunun qalibi olub. O, yenidən Azərbaycana qayıtmaqda maraqlıdır, amma bu dəfə baş məşqçi kimi.

Şakiri bildirib ki, qışda məşqçiliyə başlamaq niyyətindədir: “Düzü, futbolu atandan sonra tez bir zamanda məşqçiliyə başlayacağıma ümid edirdim. Amma olmadı. Ümumiyyətlə, Azərbaycan futbolunda vəziyyət necədir, orada hansı komandanın baş məşqçisi postu dəyişə bilər? Mən sözsüz ki, bacardığımı məşqçilik sahəsində də göstərmək istəyirəm. Fəaliyyətə qışda olmasa da, gələn ilin mayında başlamaq arzusundayam”.

Qeyd edək ki, Şakiri Azərbaycanda oynamış ən güclü futbolçularından sayılır. Azərbaycan millisinin sabiq baş məşqçisi Qyoko Haciyevskinin sevimlilərindən olan Şakiri Makedoniya yığmasında 75 oyun keçirib.