“Yol polisinə qardaşımın sənədini göstərib, postu keçdim” - MÜSAHİBƏ
12.12.2011 - 14:00
“Yol polisinə qardaşımın sənədini göstərib, postu keçdim” - MÜSAHİBƏ
“Kəpəz” klubunun qapıçısı Elşən Poladovun apasport.az saytına müsahibəsi

- Hazırda “İnter”in formasını geyinən Ruslan Poladovla əkiz qardaşsınız. Adətən deyirlər ki, əkizlər bir-birini tam hiss edirlər, başlarına gələn hadisəni düzgün duyurlar. Bu, doğru yanaşmadırmı?
- Ümumiyyətlə, məncə, qardaşlar bir-birini yaxşı başa düşməlidir. Düzü, əkizlər haqqında çox danışırlar. Amma tam deyə bilmərəm ki, belə bir qanunauyğunluq var. Sadəcə, özümlə Ruslandan danışa bilərəm. Deməliyəm ki, bizim xüsusiyyətimizdə elə məqamlar var ki, üst-üstə düşür. Ruslanla bəzən bir məsələyə eyni şərh verir, hadisəni eyni müstəvidə dəyərləndiririk.

- Sifət cizgilərinizdə tam olmasa da, müəyyən mənada bənzərliklər var. Eyni ilin eyni günündə doğulan qardaşları haradasa səhv salmayıblar ki?
- Belə bir hadisənin tez-tez baş verdiyini desəm, yalan olar. Amma səhv salanlar da olub. Bir dəfə Ruslanın maşınını sürürdüm. Yolda təsadüfən polis məni saxlatdı. Həmin vaxt öz sənədlərim yanımda olmadığı üçün yol polisinə qardaşımın sənədini göstərib, postu keçdim. Polis mənimlə Ruslanın sənədləri arasında fərq tapa bilmədi. Bax, belə maraqlı bir şey olub.

- Əksər ailələrdə böyük qardaş anlayışı var. Amma bu, sizin ailə üçün keçərli deyil...
- Əlbəttə ki, artıq müəyyən yaşa dolmuşuq. Hərənin öz fikri var. Deyərdim ki, çox hallarda Ruslan mənim məsləhətlərimə qulaq asır.

- Əkiz qardaşların uşaqlıq illəri necə keçib?
- Əslində, biz eyni ilin eyni günündə doğulsaq da, tamam fərqli mühitlərdə böyüyüb, tərbiyə almışıq. Ruslan şəhərdə böyüyüb, mən isə kənddə.

- Ayrılığın əsas səbəbi nə idi?
- Səbəb səhhətlə bağlı idi. Mən Ruslandan fərqli, daha tez-tez xəstələnirdim. Odur ki, həkimlər məsləhət görmüşdülər ki, rayonda, təmiz havada yaşamağım daha yaxşı olar. Bizim ailə belə imkana malik idi. Mən Qubada nənəmgilin himayəsində böyümüşəm.

- Artıq Ruslanla sizə eyni komandada oynamaq nəsib olub. “İnter”dəki birgə karyeranız necə alınıb?
- Necə alındığını deməkdə bir qədər çətinlik çəkirəm. Mən qapıda dururdum, Ruslan isə oynayırdı.

- Əkizlərdə güclü iradənin olduğu düzdür?
- Düzü, bu qədər dərinliyi ilə maraqlanmamışam. Bunu yəqin ki, həkimlər, tibb sahəsinin işçiləri daha yaxşı bilərlər. Bizim necə xarakterə malik olmağımıza isə mənim yox, kənardan baxan şəxslərin qiymət verməsi daha məqsədəuyğundur.

- Aranızda nəsə prinsip varmı?
- Mən Ruslanla daha çox rəqib qismində görüşmüşəm. İndi də biz ayrı-ayrı komandalarda çıxış edirik. Fakt odur ki, hələ də mənim qoruduğum qapıya yol tapa bilməyib. Ruslan heç bir rəsmi oyunda məni məyus etməyi bacarmayıb. Düzdür, onun ötürməsindən sonra komanda yoldaşları fərqləniblər. Hiss edirəm ki, Ruslan da bu məsələyə fikir verir. Neçə dəfə deyir ki, sənin qoruduğun qapıdan top keçirməmişəm.

- Heç oyun zamanı hansısa nəticəni, şübhəli epizodu nəzərə alaraq, qardaşlığınızı ön plana çəkən olubmu?
- Bunu qətiyyətlə deyə bilərəm ki, biz meydanda qardaş deyilik. O, öz komandasının, mən öz komandamın qələbəsini istəyirəm. Odur ki, belə danışıqlardan söhbət gedə bilməz. Meydançada ayrı, həyatda ayrı münasibətdəyik.