Cavid Hüseynov: Çempion olmaqdan çox xoşum gəlir
13.12.2011 - 00:05
Cavid Hüseynov: Çempion olmaqdan çox xoşum gəlir
“Maraqlı oyun olacağını gözləyirdik. Çünki onlar birinci dövrədə bizi 1:3 hesabı ilə məğlub etmişdilər”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi klubunun yarımmüdafiəçisi Cavid Hüseynov deyib.

Böyükağa Hacıyevin güvəndiyi və son 5 oyunda ilk “11lik”də oynamaq şansı verdiyi futbolçu “təyyarəçilər”lə dueldə asan qələbə (7:1) qazanacaqlarını gözləmirmiş.

O, meydana cari mövsümdə ilk məğlubiyyətin revanşını almaq üçün çıxdıqlarını deyib: “Onlar həm də bizə ilk məğlubiyyəti yaşatmışdılar. Revanş almaqla yanaşı, zirvədəki yerimizi qorumaq üçün mütləq udmalı idik. İnamlı qələbə qazandığımıza görə, şadam”.

Matçın gedişində rəqib qapısından keçirilən 5-ci topun müəllifi olan futbolçu cari mövsümdə ilk qolunu vurub. O, məhz yeganə çatışmazlığın da bununla bağlı olduğunu qeyd edib: “İlk qolumu vurdu. Hazırda formadayam, artırdığımı hiss edirəm. Qol yeganə çatışmazlıq idi. Ardı gələcək”.

Yenidən çempionluq sevinci yaşamaq istədiklərini vurğulayan Hüseynov sona qədər mübarizə aparacaqlarını, “İnter”lə matçdan da maksimum xalla ayrılmağın vacibliyini deyib: “İnter” güclü komandadır və ən yaxın izləyicimizdir. Komandanın özünəməxsus oyun dəsti-xətti var. Biz tempi sona qədər davam etdirməli və çempion olmalıyıq. Düzdür, həm “İnter”lə, həm də “Neftçi” ilə artıq bu sevinci yaşamışam. Ancaq yenə çempion olmaq istəyirəm. Çünki çempion olmaqdan çox xoşum gəlir”.