2396 gündən sonra Şəmkirdə
13.12.2011 - 11:54
2396 gündən sonra Şəmkirdə
Böyük futbol Şəmkirə qayıdır. Apasport.az saytının məlumatına görə, uzun fasilədən sonra Azərbaycan çempionatının güclülər dəstəsinin oyunu Şəmkirdə baş tutacaq. Premyer Liqanın XVII turunun “Turan” – “Qəbələ” matçı məhz bu rayonda baş tutacaq. Tovuz təmsilçisinin cəzalı olması üzündən qərblilər qonşu rayonda oynamaq məcburiyyətində qalıblar.

Dekabrın 15-dəki qarşılaşma Şəmkir şəhər Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq ilk Premyer Liqa görüşü olacaq. Şəmkirdə isə son qarşılaşma digər arena – Şəhər stadionunda baş tutub. Bu rayonun eyniadlı komandasının güclülər dəstəsində oynadığı dövrə təsadüf edib. 2005-ci il mayın 24-dəki qarşılaşmada “Şəmkir” “Karat”a 1:2 hesabı ilə uduzub.

Həmin oyunda hesabı açan əslən şəmkirli Rövşən Əmiraslanov indi “Qəbələ”nin futbolçusu kimi doğma rayona qonaq gələcək. 2396 gün əvvəlki matçın 25-ci dəqiqəsində fərqlənən Əmiraslanovun qoluna qonaqlar Kaxaber Cebisaşvili və Xalid Muradovun qolları ilə cavab vermişdi.