Redniki bəyənməyən “altılıq”
13.12.2011 - 16:30
Redniki bəyənməyən “altılıq”
Mirça Rednik artıq 10 günə yaxındır “Xəzər Lənkəran”dan ayrılsa da, cənub təmsilçisi ətrafında söz-söhbətlər səngimək bilmir. Bəziləri rumıniyalı çalışdırıcının postundan uzaqlaşdırılmasını haqlı, bəziləri isə haqsız sayır. “Ağ-yaşıllar”dan ayrılmasının əsl səbəbini ilk dəfə məhz apasport.az saytına açıqladığından, biz Rednikin vəzifəsindən niyə kənarlaşdırılmasına yox, onun söylədiyi bir fikrə toxunacağıq.

Belə ki, rumın çalışdırıcı müsahiblərinin birində demişdi ki, “İnter”ə məğlubiyyətdən sonra klubun vitse-prezidenti Tuyqun Nadirov 6 futbolçunun ondan narazı olduğunu söyləyib. Maraqlıdır, həmin futbolçular kimlər idi?

Heç kimə sirr deyil - “qiyamçılar”dan biri qapıçı Kamran Ağayev idi ki, onunla Rednik arasındakı soyuq münasibət mətbuatda xeyli müzakirə edilmişdi. Digərlərinə gəlincə, öz ehtimallarımıza əsasən, Kamranın “dəstəsi”ndə albaniyalı müdafiəçi Elvin Beçiri, yarımmüdafiəçilərdən Elnur Abdullayev, syerra-leoneli Julius Vobay, rumıniyalı Adrian Pit və nigeriyalı hücumçu Emeka Opara da vardı.

Kamran Ağayev:
Rednik millimizin əsas qapıçısını hələ yaydan sərəncamında görmək istəmirdi. Ağayevin “Bakı” ilə səfər matçında (2:2) buraxdığı kobud səhvindən sonra kapitan sarğısının əlindən alınması diqqət mərkəzinə düşdü. Ancaq kulminasiya nöqtəsi “Xəzər Lənkəran”ın səfərdə “Neftçi”yə 0:5 hesabı ilə uduzduğu oyun idi. Rednik prinsipial matçda “çərçivə”də Ağayevin durmasını istəsə də, qapıçı zədəli olmasını əsas gətirərək, meydana çıxmamışdı. Klub rəhbərliyi Kamranla müqaviləni uzatmaqla, ona daha çox güvəndiklərini göstərdi. Ağayevi qapıda əvəzləyən Kamal Bayramovun buraxdığı səhvlər isə Rednikin uğursuz oyunlarının əsasını qoydu və sonda istefaya göndərilməyi ilə nəticələndi.

Elvin Beçiri:
Kamran kimi, Rednikə qədər “Xəzər Lənkəran”a gələn Elvinin əsas problemi oynamamaqla bağlı idi. Rumıniyalı mütəxəssis Albaniya yığmasının müdafiəçisinə elə də bel bağlamadı. Halbuki, məhz Beçiri hazırda cənub təmsilçisində yeganə sırf mərkəz müdafiəçisidir. Ancaq məşqçi müdafiənin mərkəzində həmyerlisi Andrey Mureşanla millimizin üzvü Elnur Allahverdiyevi oynadırdı. Elnurun cinah müdafiəçisi olduğu, daha çox solda oynadığı məlumdur. O, müdafiənin mərkəzində özünü rahat hiss etməsə də, baş məşqçinin tapşırıqlarına məcburən əməl etməli idi. Rednik Allahverdiyevi müdafiənin cinahlarında da oynadaraq, tez-tez mövqe yerdəyişmələri edirdi. Halbuki, mərkəzdə oynatmaq üçün sərəncamında Elvin vardı və məhsuldarlıq nümayiş etdirən albaniyalının potensialından lazımınca istifadə olunmadı. Rednik ötən qış “Xəzər Lənkəran”a gətirdiyi Mureşanı ilk vaxtlar dayaq yarımmüdafiəçisi kimi oynatsa da, sonradan mərkəzə çəkdi.

Emeka Opara:
Beçiri kimi, Mircavadovun vaxtında – 2010-cu ilin qışında transfer edilən Opara qolçuluq bacarığını əvvəlki tək nümayiş etdirmir. O, hələ “Makkabi” ilə Lənkərandakı qolsuz bərabərliklə nəticələn matçda boşa verdiyi real qol imkanlarına görə məşqçinin gözündən düşmüşdü. Üstəlik, Emeka tez-tez əvəzedici heyətə göndərilirdi. Hətta “Xəzər Lənkəran”dan ayrılması haqda çox xəbərlər yayıldı. İndiyədək komandada olan Opara cari mövsümdə əsas heyətdə daim meydana çıxmır ki, bu da onu razı sala bilməz.

Julius Vobay:
Bu ilin əvvəlində transfer olunan və yarımmüdafiənin sağ cinahında yaxşı oyunu ilə diqqəti cəlb edən Vobay sonradan gözdən düşdü. Rednik “Xəzər Lənkəran”ın cari mövsümün ilk turunda – “Sumqayıt Şəhər”lə ev matçında qələbə topunun müəllifi olan afrikalını əvəzedici komandaya göndərdi. Bu, Juliusun intizam məsələlərində problemlərinin olmağı ilə əsaslandırıldı. Düzdü, rumıniyalı onu bu yaxınlarda əsas komandaya qaytardı. Amma “Neftçi” ilə oyunda ağır zədələnən futbolçu çalışdırıcısı ilə yola getməyənlərdən biri idi.

Elnur Abdullayev:
Abdullayev də Vobay kimi, ötən qış fasiləsində Rednikin etdiyi transferlərdən idi. O, ilk vaxtlar özünü göstərdi. Hətta qışda Antalya toplanışında rumıniyalı saytımıza müsahibəsində Elnuru Azərbaycanın ən yaxşı yarımmüdafiəçilərindən biri saymışdı. Gözəl qollar vuran gənc futbolçu cari mövsümdə əsas heyətdə yerini itirdi. Mütəxəssis artıq Elnurun xidmətindən çox yararlanmırdı. Halbuki, mərkəz yarımmüdafiəçisinin sonradan meydana çıxıb, qol vurduğu vaxtlar olub. Millimizə də cəlb edilməyən Abdullayev ehtiyatda qalmağından narazı idi. Vəziyyətin son həddə çatmağı isə “Simurq”la Zaqatalada 2:2 hesabı ilə nəticələnən oyunda baş verdi. Rednik Elnuru 65-ci dəqiqədə meydana buraxaraq, bundan 24 dəqiqə sonra təcrübəsiz Zahid Quliyevlə əvəzlədi. Abdullayevin meydanı narazı halda tərk etməsi telekameraların diqqətindən yayınmadı.

Adrian Pit:
Nə qədər qəribə görünsə də, Pit də Redniklə yola getmirmiş. Axı onlar həmyerlidirlər və baş məşqçi yaxşı tanıdığı futbolçunu ötən qış fasiləsində yanına gətirdi. Vaxtilə “Roma”da oynamış Adrian ilk vaxtdan səviyyəli legioner olduğunu göstərdi. Ancaq Rednik onun əsl mövqeyi olan yarımmüdafiənin mərkəzində yox, müdafiənin sol cinahında oynatmağa başladı. Bu, hələ Avroliqa oyunları zamanı oldu. Təbii ki, Adrian yaradıcı futbolçu kimi yarımmüdafiədə daha çox faydalıdır, nəinki müdafiənin sol cinahında. Mövqeyinin dəyişilməsi Pitin oyununa mənfi təsir göstərdi və hətta deyilənlərə görə, rumınlar arasında mübahisə də düşüb.

Siyahıya “Xəzər Lənkəran”da oyun sayına görə rekordçu olan Alim Qurbanovu da əlavə etmək olar. Rednik yeni gəldiyi vaxtda Alimə əsas heyətdə şans verdi və təcrübəli sol cinah yarımmüdafiəçisi vurduğu ardıcıl qollarla etimadı doğrultdu. Ancaq bunun davamı gəlmədi və rumıniyalı çalışdırıcı Qurbanovu daha çox ehtiyatda saxladı. 34 yaşlı futbolçunun meydana buraxılmağı əsasən son dəqiqələrdə oldu və bu, daha çox komandada oyun sayını artırmağa xidmət etdi.

Mehman SÜLEYMANOV