“Bakı” “Sumqayıt Şəhər”lə oyuna itki ilə çıxacaq
13.12.2011 - 15:42
“Bakı” “Sumqayıt Şəhər”lə oyuna itki ilə çıxacaq
“Dizimdə zədə var. Hələ müalicə olunuram. Böyük ehtimalla, növbəti turu da buraxacam”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı”nın müdafiəçisi Elvin Əliyev deyib.

Yayda səs-küylü transferlər reallaşdırmasına baxmayaraq, “Bakı” öz oyununu heç cür tapa bilmir. Daha doğrusu, Aleksandr Starkovun başçılıq etdiyi komanda qeyri-sabit nəticələri ilə yadda qalıb.

Hesabat turunda “Rəvan”la qolsuz heç-heçəyə razılaşan “Bakı” oyun planında da pis təsir bağışladı. Əliyev bunu heyətdəki itkilərlə bağlayıb: “Bakı” “Rəvan”ı kubokdan uzaqlaşdırdığı oyunda bir neçə futbolçusunu itirdi. Yəni, zədə üzündən meydana çıxmayanların sayı artdı. Əsas heyət üzvlərinin əksəriyyətinin sıradan çıxması oyunumuza mütləq təsir etməli idi. Nəticədə ardıcıl qələbələr qazana bilmirik”.

O da faktdı ki, paytaxt təmsilçisi ən geniş ehtiyat oyunçular skamyasına malik olan klublardandır. Bu baxımdan zədəli futbolçuların yerini dolduracaq kifayət qədər futbolçunun olduğu yerdə bunu bəhanə etmək nə dərəcədə doğru olardı? Sualımıza futbolçu belə cavab verdi: “Ehtiyatda qalan oyunçular gərək tez-tez meydana çıxsınlar. Onlar meydana sonradan daxil olan vaxt tempə uyğunlaşmalıdırlar”.