Mais Mənsimovdan sərt açıqlamalar
13.12.2011 - 18:20
Mais Mənsimovdan sərt açıqlamalar
“Yeni baş məşqçinin təyinatında klubumuzun etdiyi seçimi tamamilə düzgün addım hesab edirəm. Cüneyt Biçər mövsüm başlanmazdan bir qədər əvvəl komandamıza aşağı yaş qruplarının baş koordinatoru vəzifəsinə gətirildi. Qısa müddət ərzində türk məşqçinin gördüyü işlər göz qabağındadır”. Apasport.az saytının xəbərinə görə, bunu “Xəzər Lənkəran” klubunun prezidenti Mais Mənsimov deyib.

“Ağ-yaşıllar”ın rəsmi saytına müsahibə verən Mənsimov son vaxtlar komanda ətrafında yaranmış söz-söhbətlərə münasibət bildirib. Onun bildirdiyinə görə, “ağ-yaşıllar” haqda bəzi əsassız mülahizələr səslənir ki, guya Biçərin təyinatı əvvəlcədən planlaşdırılmış addım idi: “Bunlar tamamilə məntiqsiz fikirlərdir. Sadəcə, müvafiq situasiyada müvafiq qərar verməyimiz gərək idi, və bu qərar da verildi. Komandaya yeni baş məşqçinin ehtiyac duyulduğu zamanda da məhz Biçərin namizədliyinin tərəfimdən qəbul edilməsi, onun işinə verdiyimiz qiymətin nəticəsidir. Yeni baş məşqçinin tutduğu bu postda şəxsən dəstəkləyirəm və ona tam etimadımı göstərirəm”.

Mənsimov daha sonra qeyd edib ki, klubun ətrafında geniş əks-təbliğat işləri aparılır: “Bunlar özünü müxtəlif formalarda büruzə verir. Mətbuatda yer alan yersiz qərəzli yazılar, klub rəhbərliyi və futbolçular haqqında yer alan əsassız şayiələr buna bariz nümunədir. Mövsümün gedişində 7 xallıq fərqlə ilk pillədə qərarlaşdığımız zaman nədənsə komandanın oyunu yox, həqiqətə tamamilə zidd və futbola aid olmayan məsələlər müzakirə olunurdu. Bunların heç biri təsadüfi deyil”.

“Xəzər Lənkəran”ın hər zaman öz azarkeşləri ilə fəxr etdiyini deyən Mənsimovun fikrincə, klubun fəaliyyətinə maneçilik törətmək istəyən müəyyən dairələr, hətta azarkeş kütləsinin içində təxribatçı şəxslərdən istifadə edirlər: “Ev oyunlarında meydana atılan kənar əşyalar klubun mövsüm ərzində külli miqdarda cərimə ödəməsinə və hətta ev oyunlarında azarkeşsiz qalmasına gətirib çıxarır. Komandanı sevən insan heç bir zaman kluba bu zərəri verə bilməz. Bütün azarkeşləri bu cür təxribatlara getməməyə çağırıram. Azarkeş komandası ilə hər zaman çiyinə-çiyinə olmalıdır, komanda qələbə qazananda onun qələbəsinə rəngarənglik qatmalı, məğlub olanda isə onu qələbəyə ruhlandırmalıdır”.

Klub prezidenti “Xəzər Lənkəran”ın oyunlarının canlı yayımlanmamağına da toxunub: “Azərbaycan çempionatında və kubokunda ev oyunların yayımının müstəsna hüququ klublara həvalə olunub. Bu o deməkdir ki, klubun istənilən ev oyununu yayımlamaq hüququ olduğu qədər, yayımdan imtina etmək hüququ da var. “Xəzər Lənkəran”ın ev oyunlarının canlı nümayiş etdirilməsi qərarını yalnız klub verə bilər. Biz hansı oyunların canlı göstərilməsini lazım bilsək, onun yayımını da təşkil edərik. Nə PFL, nə də hər hansı bir klub bu məsələyə müdaxilə edə bilməz”.

Mənsimov “Xəzər Lənkəran” rəhbərliyi tərəfindən görülən işə də öz qiymətini verib: “Əminliklə söyləyirəm ki, “Xəzər Lənkəran” Azərbaycanda ən peşəkar idarəçiliyə malik olan klubdur. Bu gün klubun bütün işlərinin öhdəsindən bacarıqla gələn rəhbərliyin fəaliyyətinin şübhə altına salınması yolverilməzdir. Vitse-prezident Tuyqun Nadirovun cavabdehlik daşıdığı bütün sahələrdə gördüyü iş məni tamamilə qane edir.

“Xəzər Lənkəran”ın direktoru Höccət Hacıyev hansısa səbəbdən mətbuat tərəfindən stadion direktoru kimi qələmə verilir və mən bu yanlışlıqdan çox narazıyam. Qeyd etmək istəyirəm ki, Höccət Hacıyev klubun vacib idarəedici şəxslərindən biridir və o da uğurla öz işinin öhdəsindən gəlir. “Xəzər Lənkəran” rəhbərliyinin işinə istənilən müdaxiləni qəbulolunmaz hesab edirəm. Burada görülən hər bir işin hesabatı klub rəhbəri olaraq şəxsən mənə verilir. “Xəzər Lənkəran”ın maliyyələşməsini müəyyənləşdirən bir şəxs kimi, bu klubun qazanacağı nəticə də məni kimdənsə az maraqlandıra bilməz.

Rəhbərliyin öhdəsinə düşən idarəçilikdirsə, məşqçi və futbolçuların öhdəsinə düşən göstərilən oyun və nəticə, azarkeşin öhdəsinə düşən isə dəstəkdir. Vacib olan odur ki, hər kəs öz işi ilə məşğul olsun. Klubun uğurunun əsas təminatçısı da məhz budur”.