“Belə meydançaları görəndə, adam futbol oynadığına peşman olur”
13.12.2011 - 18:49
“Belə meydançaları görəndə, adam futbol oynadığına peşman olur”
“Bakı” Azərbaycan səviyyəsində ən böyük klubdur. Burada yaradılan şərait, maliyyə imkan verir ki, klub daha ciddi uğurlar qazansın”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı”nın futbolçusu Uinston Parks deyib.

Kosta-Rika yığmasının da üzvü olan hücumçu cari mövsümdə şərəfini qoruduğu “zolaqlılar”da uşaq və gənclər futbolu ilə bağlı strategiyasının olduğunu qeyd edib: “Bakı”nın regionda tanınan bir kluba çevriləcəyinə inanıram. Bildiyimə görə, yaxın illərdə burada 1000-ə yaxın futbolçu olacaq. Azərbaycanda futbolun gələcək inkişafı “Bakı” klubu ilə birbaşa bağlı olacaq”.

Uinston il yarımdır oynadığı Azərbaycanın karyerasına yeni nəfəs gətirdiyini bildirib: “Bura okeanın o tayına o qədər də tanış olmayan kiçik bir Avropa ölkəsidir. Əvvəllər Azərbaycanda oynadığımı deyəndə, çoxları buranın harada olmasını bilmirdi. Rusiya, Türkiyə və İranın həmsərhəd olduğunu deyəndə tanıyırdılar. Sizin dünya miqyasında tanınan böyük qonşularınız var. Azərbaycanda gördüklərimdən sonra inanıram ki, yaxın illərdə buranı onlara görə yox, möhtəşəm, varlı bir ölkə olmasına görə tanıyacaqlar”.

Parks əyalətdəki meydançalarımızın vəziyyətindən gileylənib: “Yaxın illərdə buraya daha adlı-sanlı futbolçuların gəlişini gözləmək olar. Bunun üçün hər bir klubun əla ot örtüklü meydançası və rahat bazasının olması mütləqdir. Təəssüf ki, regionların çoxunda meydançalar və infrastruktur bərbad vəziyyətdədir. Belə stadionları görəndə, adam futbol oynadığına peşman olur. Futbolçu üçün ən vacibi yaxşı meydançadır. Belə olsa, biz daha həvəslə oynayar, ustalığımızı artıra bilərik. Yaxşı stadionlar olmasa, Azərbaycan futbolunda inkişaf olmayacaq”.

Toplu Bakı