Qazaxıstan mətbuatının Ramiz Məmmədova yersiz iradı
14.12.2011 - 10:59
Qazaxıstan mətbuatının Ramiz Məmmədova yersiz iradı
Qazaxıstan mətbuatı bu ölkədə baş məşqçi işləmiş azərbaycanlı Ramiz Məmmədovu yenidən xatırlayıb. Apasport.az saytının məlumatına görə, Məmmədovun bu ilin ilk yarısında çalışdırdığı “Atırau” klubunun hazırkı baş məşqçisi Zoran Filipoviçlə müqaviləni 1 illiyə uzatmağından sonra müzakirələr açılıb. Belə ki, həmyerlimizi əvəzləyən serbiyalı mütəxəssis məşqçilər korpusunda ötən mövsüm işlədiyi həmkarlarını – fiziki hazırlıq və qapıçılarla işləyən məşqçilər İvan Azovski ilə Sergey Çekmezovu görmək istədiyini bildirib.

Bu yerdə qazax həmkarlarımız Məmmədovun köməkçiləri ilə bağlı siyasətinə toxunub: “Onu qeyd etmək lazımdır ki, son illərdə “Atırau”da baş məşqçinin növbəti mövsümə qalmağı nadir hadisə olub. Bizə xoş gələn odur ki, Filipoviç “Atırau”nun digər baş məşqçiləri kimi komandaya öz köməkçilərini “dartıb gətirmirdi”. Biz hamımız xatırlayırıq ki, ötən mövsüm komandaya yeni təyin olunan baş məşqçi Ramiz Məmmədov 2 öz köməkçisini gətirdi. Çempionatın qızğın vaxtında isə Məmmədovun komandaya rəhbərlik etməkdən imtinasından sonra köməkçiləri də onunla birgə getdi. Nəticədə “Atırau” başsız qaldı”.

Əslində qazax həmkarlarımızın bu iradı yersizdir. Çünki komandaya gələn yeni baş məşqçinin köməkçilərini özü gətirməyi qanunauyğun prosesdir. Həmin mütəxəssis postundan gedəndən sonra da adətən köməkçiləri yeni çalışdırıcının təyinatını gözləməyərək, gedirlər. Üstəlik, məşqçilərimiz vətəndə yox, xaricdə işləyirdilər. Təbii ki, onlar həmyerlilərinin istefasından sonra qərib ölkədə qalası deyildilər.

Qeyd edək ki, Məmmədovun “Atırau”da köməkçiləri Elxan Abdullayevlə Mehman Baxışov olub.