Canlı yayım: Kim kimin marağına tüpürür?
14.12.2011 - 14:00
Canlı yayım: Kim kimin marağına tüpürür?
Peşəkar Futbol Liqası (PFL) ölkə çempionatının ötən turunda 4 oyunun televiziya vasitəsilə canlı yayımlanacağını öz saytı vasitəsi ilə xəbər vermişdi. Sonradan azarkeşlər boş tribunalar önündə baş tutan "Xəzər-Lənkəran" - "Qarabağ" oyununu mavi ekrandan izləyə bilmədi. Bununla bağlı nə PFL açıqlama verdi, nə də həmin matçı proqramına daxil edən "İdman Azərbaycan".

Düzünə qalsa, matçın göstərilməyəcəyi hələ cümə günündən bəlli idi. Çünki oyunlarının yayımına qadağa qoyan cənublular xeyli əvvəldən bəyan edib ki, telekanallarla əməkdaşlıq etmək fikirləri yoxdu. Kifayət qədər tutarlı dəlilləri də var.

Belə ki, oyunları yayımlanan zaman stadiona gələn azarkeşlərin sayında ciddi azalma olur. Güclü azarkeş dəstəyinə malik, oyuna giriş biletlə olan yeganə klub kimi "Xəzər-Lənkəran"ın buna haqqı var. Komandanın oyunlarına orta hesabla 10-12 min tamaşaçı gəlir ki, bu da normal qazanc imkanıdır. "Neftçi"ylə oyuna rekord sayda - 14000 azarkeş gəldiyini, ümumiyyətlə isə bu il cənubluların ev görüşlərini 64205 nəfərin izlədiyini nəzərə alsaq, 1 manatlıq biletin (bəzən daha baha olur - red.) klubu elə azarkeş sayı qədər irəli saldığı danılmaz faktdı. Oyunlar canlı yayımlandıqda isə bu rəqəm 4000-6000 nəfər arasında dəyişir.

Kəsəsi, lənkəranlıların teleyayımdan imtina üçün əla cavabı var. Azərbaycan futbolunda pul qazanmağın çətin, mənasız xərcləməyin dəbdə olduğu bir məqamda hansısa oyunda 10000 manat irəli düşmək sizə zarafat gəlməsin. Bu ən azı futbolçuların gündəlik xərclərini, cərimələri və digər xərcləri ödəmək üçün real imkandı. "Xəzər-Lənkəran" heç kimi zorla stadiona gətirmir və heç kimin də onların azarkeşlərini hansısa populist çıxışlar, "azarkeşlərinə marağına tüpürürlər" tipli açıqlamalarla əllərindən almağa ixtiyarı yoxdu.

Son turda oyun azarkeşsiz keçirilirdi. Kimsə iddia edə bilər ki, məhz buna görə mərkəzi oyunu ekrana çıxarmaq vacib idi. Bəli, bu məqamla razıyam. Ancaq buna klubun yox, telekanalların borclu olduğunu düşünürəm. Buyurun, kluba pul ödəyin, görüm onlar yayımın qarşısını necə alır?

Əlbəttə ki, cənublular da ən azı bilet satışından əldə etdikləri qazancın müəyyən qismi müqabilində buna razılıq verərdi. Ancaq onlara kimsə belə müqavilə təklif etdimi? Bizim telekanallar istəyir ki, həm efir vaxtını oyunlar hesabına doldursun, həm də buna görə qazanc götürsün. Necə deyərlər, klublar "görüm-baxım" etsin ki, onların oyunlarını göstərsinlər. Axı, belə şey bizdən başqa dünyanın hansı yerində var?

Son oyun öncəsi cənubluların telekanallarla əməkdaşlıqdan imtina etməsindən xəbər tutan "Qarabağ" özünü ortaya atdı. Guya ki, yayımı cənubluların əvəzinə onlar reallaşdıra bilər. Adama deyərlər, sizə nə olub, meydan sahibi deyilsiz ki? Bu qədər ürəyiniz yanırsa, gedin, Quzanlıda keçirdiyiniz oyunların yayımını təşkil edin, başqasının bostanına niyə girirsiz? Və ya telekanallara verməyə pulunuz çoxdusa, yaxşı oyunçu alın ki, baş məşqçi Qurban Qurbanov heyət sıxıntısı çəkməsin. Bundan başqa məhz xərclədiyiniz pulun müqabilində yaxşı oyun göstərin ki, siz telekanallara deyil, onlar sizə minnətçi düşsün. O zaman siz də qazanarsız.

Klublar bu gün faktiki özləri-özlərinə problem yaradır. Əgər onlar yayıma görə telekanallara gizli pul ödəməsə, çempionatımız da ekranlara çıxmaz. Yəqin ki, belə olanda futbol təsərrüfatımızın başbilənlərindən bunun niyə belə olduğunu soruşan tapılacaq. Məhz o zaman bəlli olacaq ki, yönlü futbolumuz yoxdu, bu üzdən telekanallar da ona maraq göstərmir. Axı, artıq xərci kim istəyər? Hamı reklam, dolayısı ilə pul gətirən verilişləri yayımlamağa can atır. Çempionlar Liqasının matçlarına görə az qala AzTV ilə "Lider" qırğına çıxmışdı. Çünki bu matçlara hamı baxır və reklam verənlər də tamaşaçı marağını nəzərə alaraq, məhz belə oyunlarda məhsullarının nümayişində maraqlıdı.

Yaxşı, deyək ki, bəzi həmkarlarımın dediyi kimi, "Xəzər-Lənkəran" azarkeş marağına tüpürdü", bəs onda "İnter"ə, AZAL-a nə sözünüz? Görəsən, "Qarabağ" niyə bu komandalarla səfər oyunlarında da sinəsini qabağa verib yayımı təşkil etmək istəmir? Axı, bu komandalar da ev oyunlarının mavi ekrana çıxmasının tərəfdarı deyil.

Yuxarıda adını çəkdiyim 2 paytaxt klubuyla bağlı məsələdə fərqli məqamlar var. Lənkəranlılardan fərqli olaraq, "İnter"lə AZAL heç də biletdən götürəcəyi qazanca görə belə etmir. Sadəcə, bu klubların telekanallara pul vermək fikri yoxdu. "Bankirlər"in prezidenti Georgi Nikolov, eləcə də AZAL-ın sabiq rəhbəri Vaqif Qasımov dəfələrlə bəyan edib ki, onlar yayıma görə pul istəyirlər və bunun əksini etmək niyyətində deyillər.

Elə PFL də yayım məsələsini ona görə klubların öz ixtiyarına buraxıb ki, onlar telekanallara "görüm-baxım" etsinlər və çempionat matçları ekrana çıxsın. Əks halda yayım hüququ PFL-də olsaydı, qurum həm klublara müəyyən məbləğ ödəməli, həm də telekanalları razı salmaq üçün kiməsə minnətçi düşməliydi. İki il öncə məhz bu problemlər üzündən çempionat matçları göstərilmirdi ki, bu da əhali arasında haqlı narazılığa səbəb olurdu. Belədə AFFA məsuliyyəti klubların boynuna atdı ki, buyurun, özünüz həll edin.

Bu səbəbdən indi oyun göstərilməyəndə hamı "İnter"i, "Xəzər-Lənkəran"ı, AZAL-ı hədəf seçir, AFFA-nı yox. Vəziyyət PFL üçün əlverişlidi, əvəzində klublar öz-göz olurlar.

İndi siz deyin, klublar azarkeşlərin marağına tüpürür, yoxsa PFL klubların?


FƏRİD