Ruslan Abbasov: Birinci dəfə deyil ki...
14.12.2011 - 21:46
Ruslan Abbasov: Birinci dəfə deyil ki...
“Bizim üçün asan oyun var ki? Hamısı çətin olacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan” klubunun müdafiəçisi Ruslan Abbasov deyib.

Sabah Premyer Liqanın XVII turu çərçivəsində “Qəbələ” ilə qarşılaşacaq Tovuz təmsilçisi oyun öncəsi son məşqini keçirib. Əyalət təmsilçisi məşqini matçın keçiriləcəyi Şəmkir şəhər Olimpiya İdman Kompleksinin stadionunda reallaşdırıb. Son oyunda “Simurq”a məğlub olmaqla sonuncu pilləyə yuvarlanan Əsgər Abdullayevin yetirmələri yenidən əvvəlki mövqeyinə qayıtmaq istəyir: “Xal almalıyıq. “Sumqayıt Şəhər” də bizi keçdi. Sonuncu pillədə “Turan”ın adına yaraşmır”.

Rəqibin heyətində güclü hücumçuların yer aldığını qeyd edən təcrübəli müdafiəçi bunu özü üçün problem saymır. O, ilk dəfə bu cür futbolçulara qarşı oynamadığını deyib: “Bilirik ki, “Qəbələ”nin heyətində yaxşı hücumçular var. Bizdə isə təcrübəli futbolçuların sayı azdır. Əksəriyyəti gənclərdir. Çətin olsa da, oynayacağıq. Birinci dəfə deyil ki, bu cür futbolçulara qarşı oynayırıq. Cavanları da həvəsləndirməliyik ki, meydanda yaxşı oynayıb, bizə kömək etsinlər”.