“Mənə dedi ki, get, özünə bax”
23.12.2011 - 12:35
“Mənə dedi ki, get, özünə bax”
“Kəpəz” klubunun yarımmüdafiəçisi Ceyhun Sultanovun apasport.az saytına müsahibəsi

- Mirbağır İsayevin baş məşqçi postuna gəlişindən sonra sizin də “qara siyahı”da olduğunuz deyilirdi. Hətta komandadan qovulduğunuz haqda xəbər yayılmışdı. Amma dünən açıqlanan siyahıda sizin adınız olmadı. Bəs bu söz-söhbətlərin yayılmasına səbəb nə idi?
- Düzü, belə məsələlərə fikir vermirəm. İstəməyən dairələrin, şəxslərin işidir. Öz işimi yaxşı bilirəm.

- Amma əvvəlki oyunlarla müqayisədə İsayevin gəlişindən sonra meydana az-az çıxırdınız. Buna necə izah verə bilərsiniz?
- Açığı, icazə almışdım. Özümü çox pis hiss edirdim, yorğun idim. Dedim ki, məni 1-2 oyundan azad edin, dincəlim. Mirbağır müəllim də məni başa düşdü, istəyimə qarşı çıxmadı. Mənə dedi ki, get, özünə bax.

- Sizdə belə halların yaranması adi hal deyil. Bəlkə, komandanın pis vəziyyətdə olmasını, uduzmaq ehtimalının çoxluğunu nəzərə alıb, belə etmisiniz?
- Bütün turlarda oynayıb, təzyiq altında olursan. İstər-istəməz, belə vəziyyət yaranır. Hər şey yığılır üst-üstə, axırda da belə olunur. Bütün oyunları əvəzlənmədən mübarizə aparmaq asan deyil.

- Artıq komandadan 11 futbolçu kənarlaşdırılıb. Sizcə, onların heyətdə nə kimi rolu var idi? Kütləvi gediş nəyi dəyişəcək?
- Onlar “Kəpəz”dən gediblər deyə, pis futbolçu deyillər. Hərənin özünə görə oyun üslubu var. Fikrimcə, onlar hamısı yaxşı futbolçulardır. Sadəcə, İsayevin fəlsəfəsinə uyğun gəlmədiyindən uzaqlaşdırıldılar.

- Bəs, özünüz necə, komandadan ayrılmaq fikrindəsinizmi?
- Hazırda Gəncədən getmək barədə düşünmürəm. Klubla müqaviləm qüvvədədir. Sözləşmənin müddəti başa çatdıqdan sonra o haqda fikirləşə bilərəm.

- Amma sizə dəvətlər olduğunu bilirik. Xüsusən də, “Bakı”nın sizi geri qaytarmaq istəməsinə reaksiyanız necədir?
- Vallah, mən heç kimlə danışmamışam. Odur ki, özümü reklam etmək fikrim yoxdur. Onu kimin yazdığını bilmirəm.

- Göndərilən futbolçuların yerinə gənclər gələcək. Əsası gənclərdən qurulan komanda adətən formalaşmaq üçün oynayır. Sizin ikinci dövrə üçün hədəfləriniz nədir?
- Görürsünüz ki, qış fasiləsinə gedərkən hamı bizə yaxınlaşıb. Odur ki, mövcud vəziyyəti dəyərləndirib, real danışmaq lazımdır. Cari mövsümdə əsas hədəfimiz Premyer Liqada qalmaqdır. Çalışacağıq ki, bu il yerimizi saxlayaq. Gələn mövsüm üçün isə nə məsləhət görüləcəksə, o da olacaq.

- Amma çempionat təzə başlayanda, hamı bir ağızdan deyirdi ki, “Kəpəz” ilk “altılıq” üçün oynayacaq....
- Bəli. Məqsəd heç olmasa, ilk “altılığ”a düşmək idi. Amma şansdır. Futbolda hər şey ola bilər.

- “Kəpəz” cari mövsümdə hətta ilk “beşlik”də də olmuşdu. Lakin sonradan eniş başladı. Və komandadan futbol əvəzinə səs-küylü, dava-dalaş xəbərləri gəldi. Bunun nə dərəcədə təsiri olub?
- Düzü, bunun səbəbini mən yox, məşqçilər korpusu deyə bilər. Mən də meydançaya çıxan 11 futbolçudan biriyəm. Demək olar ki, bəzi məqamlarda bəxtimiz gətirmədi. Uğursuzluq meydana gələndə onun müxtəlif səbəbləri də olur. Konkret, söz tapa bilmirəm. Bəzən elə olub ki, uda biləcəyimiz oyunlarda başqa nəticələr qeydə alınıb. O ki, qaldı çəkişmələrə, mən özümə cavabdehəm. Vidadi Rzayevlə aramızda elə də ciddi insident olmayıb. Məşq prosesində olan bir şey idi. Sadəcə, bunu daha çox şişirtdilər. Boş şeydir. Mənə elə gəlir ki, bu xırda məsələlər komandaya təsir edə bilməz.

- Heyətdən uzaqlaşdırılanlar arasında qardaşınız Renat Sultanov da var. Onunla bu barədə söhbətiniz olubmu?
- Mirbağır İsayev belə fikirləşib, belə də edib.