Qurbanov “Simurq”a icarəyə verildi
26.12.2011 - 15:15
Qurbanov “Simurq”a icarəyə verildi
“Neftçi” rəhbərliyi gənc futbolçularından birini “Simurq”a icarəyə verib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin 19 yaşlı oyunçusu Nicat Qurbanov mövsümün sonunadək Zaqatala təmsilçisində çıxış edəcək. Bu, “Simurq”un müraciəti əsasında gerçəkləşib.

Qurbanov icarəyə verilməsi ilə bağlı fikirlərini “Neftçi”nin rəsmi internet saytına açıqlayıb: “Qış fasiləsi zamanı "Neftçi"nin əsas heyətində təlim-məşq toplanışında olmalıydım. "Simurq"un təklifini müsbət cavablandırıb, oyun praktikamı daha da artırmaq üçün başqa komandada icarə əsasında oynamağıma şərait yaratdıqlarına görə "Neftçi" klubunun rəhbərliyinə və məşqçilər korpusuna minnətdarlığımı bildirirəm. Çalışacağam ki, "Simurq"da özümü yalnız yaxşı tərəfdən göstərib, gələn mövsüm "Neftçi"nin əsas heyətində oynamaq şansı qazanım".

Qeyd edək ki, Nicat mövsümün arxada qalan hissəsində “Neftçi”nin əvəzedici heyətində çıxış edib.