Anar Nəzirov: Belə vəziyyətdə klub saxlamaq... - MÜSAHİBƏ
26.01.2012 - 00:07
Anar Nəzirov: Belə vəziyyətdə klub saxlamaq... - MÜSAHİBƏ
Mövsümün əvvəlində icarə əsasında “Turan” keçən qapıçı Anar Nəzirovun apasport.az saytına müsahibəsi

- Musa Süleymanovun “Turan”ı maliyyələşdirməkdən imtina etməsindən xəbəriniz var. Bundan sonra hansı addımı atacaqsınız?
- Əlbəttə, bizim üçün heç də yaxşı olmadı. İndiyə qədər gözləyirdik ki, yəqin komanda yığılacaq, məşqlərimizi bərpa edəcəyik. Ancaq hər şey əksinə oldu. “Turan”da qalmaq, istəyirdim. Bundan sonra nə edəcəyimə gəldikdə, 1-2 gün də gözləyəcəm. Əgər kluba sahib duran olmasa, başqa variantlar haqda düşünəcəm. Ola bilsin, “Qəbələ”yə döndüm. Başqa klubdan təklif də almışam, onları da dəyərləndirə bilərəm.

- Son vaxtlar Musa Süleymanovla görüşmüsünüz?
- Bəli. Bizə demişdi ki, maliyyə olsa, komanda güclənəcək. Yəni bu şəkildə klub saxlamaq istəmir. Nə vaxta kimi belə zəif olacaq. Biz də gözləyə-gözləyə bu günə gəldik.

- Dünəndən bəri “Turan”da kiminlə danışmısınız?
- Kimə zəng vururuq, nə deyəcəklərini bilmirlər. Çünki fakt odur ki, bu gün “Turan”ın prezidenti, maliyyələşdirən şəxsi yoxdur. Komandanın rəisi İman Həsənova dedim ki, 1-2 gündən artıq gözləyən deyiləm. Klubun bu aqibətlə üzləşəcəyini heç kim gözləmirdi. Ənənəsi olan bir klubun bu vəziyyətə düşməsini yəqin heç kim istəməz.

- “Turan”da qeyri-müəyyənlik hələ fasilə başlamazdan əvvəl hökm sürürdü. Komandaya bu qədər bağlı olmağınız, məhz “Turan”da oynamaq istəyini nə ilə əsaslandıra bilərsiniz?
- Oynamaq istəyirəm. İndi elə yaşdayam ki, ehtiyatda oturmağın yeri yoxdur. Ən əsası isə “Turan”ın qəlbimdəki yeri tam başqadır. Bu komanda mənə ən çətin günlərimdə qucaq açıb. Mən də qalıb komandaya kömək etmək istəyirdim.

- Yenidən “Qəbələ”yə dönməyi düşünürsünüzmü?
- “Turan”a öz istəyimlə gəlmişəm. “Qəbələ”yə dönməkdə heç bir problem yoxdur. Tez-tez məşqçilərlə əlaqə saxlayıram. Hələ heç “Turan”ın dağılmaq söhbəti ortaya çıxmayanda da onlar mənimlə maraqlanırdılar. Amma bu çətin günlərdə “Turan”a kömək etmək istəyirdim. Çox təəssüf ki, komanda maliyyə problemi ilə bacara bilmədi. Özü də bu il klubun yaranmasının 20 illiyi qeyd ediləcək ərəfədə. Çox heyf.

- “Rəvan”ın sizinlə maraqlandığını bilirdik. Bəs fasilədə bu komandaya niyə keçmədiniz?
- Sözün açığı, onlar birbaşa mənimlə danışmamışdılar. Menecerlər vasitəsilə xidmətimdə maraqlı olduqlarını çatdırmışdılar. Mən də “Turan”a kömək etmək istədiyimdən, dedim Tovuzda qalacam. Yenə deyirəm, “Turan” mənim üçün doğma klubdur. Bu üzdən başqa təklifləri geri çevirdim.

- Komanda yoldaşlarınızdan sizinlə əlaqə saxlayan olub?
- Hamı məndən xəbər alır ki, komandanın taleyi necə olacaq. Musa müəllim kimlərləsə görüşməli və həmin insan kluba maddi köməklik göstərməli idi. Ancaq sonra məlum oldu ki, Süleymanov istefa verib. Yəqin həmin şəxslə danışıqlar müsbət alınmayıb. Uşaqların hamısı çöldə qalıb. Artıq klublarımız demək olar komplektləşiblər, təlim-məşq toplanışındadırlar.

- Heç olmasa, məşq edirsiniz?
- Tək məşq edirəm. Bir müddət idi rayonda idim. Qaxda mənimlə məşq edən məşqçim var, onunla hazırlaşırdım. Fiziki baxımdan heç bir problemim yoxdur. Bu dəqiqə elə vaxtımdır ki, ancaq oynamaq haqda düşünürəm.