Bəlkə onların da qapısını döyəsiz...
19.03.2012 - 13:15
Bəlkə onların da qapısını döyəsiz...
Cüneyt Biçər “Xəzər Lənkəran” kimi bir klubun baş məşqçisi olacaq adam deyildi. Yaxşı ki, Cənub təmsilçisinin rəhbərliyi bunu çox tez anladı. Təbii ki, gənc mütəxəssislərə şans vermək lazımdı. Amma öz cavanlarımız işsiz dura-dura türkü, gürcünü niyə qabağa verməliyik?

“Xəzər Lənkəran” camiəsi bununla ən doğru addımı atdı. Yunis Hüseynovun komandanın "sükanı arxasına" gətirilməsini bütün futbol ictimaiyyəti sevinclə qarşıladı, xeyirli olsun! Ümid edirik ki, potensialına bələd olduğumuz Hüseynov "Xəzər Lənkəran"da özünü isbatlayıb, üzümüzü ağ edəcək. Axı, onun aparıcı klublarımızdan birinə rəhbərlik etməsini ən çox istəyən elə mətbuat işçiləri idi.

Yunis bəyin yeni postunda uğurlu olub-olmamasından çox şey asılıdı. Bu gün ölkəmizdə sözün əsl mənasında futbol oynamağı bacaran iki aparıcı klubumuz var - "Neftçi" və "Qarabağ". Hansı ki, hər ikisinə yerli məşqçilər rəhbərlik edir. Əgər bu siyahıya Hüseynovun rəhbərlik etdiyi "Xəzər Lənkəran" da əlavə olunsa, onda hər kəs anlayacaq ki, uğur qazanmaq istəyən klub yerli mütəxəssislərə güvənməlidi.

Təbii ki, xarici mütəxəssislərin ümumiyyətlə, ölkəmizdə çalışmalarının əleyhinə deyilik. Amma klublarımızı idarə edən şəxslər baş məşqçi postuna kimisə dəvət edən zaman həmin mütəxəssisin kimliyinə diqqət yetirməlidi. Məsələn, "Bakı"da özünü doğrulda bilməməyinə rəğmən, Aleksandr Starkovun, "Xəzər Lənkəran"la çempionluq yaşamadan ölkəmizi tərk edən Mirça Rednikin, "Neftçi"də oxşar aqibəti yaşayan Vlastimil Petrjelanın, Anotoli Demyanenkonun klublarımızın başına gətirilməsində qəbahət heç nə yoxdu. Bu insanlar qələbənin dadını bilən peşəkarlardı. Hərəsi bir klubu çempionluğa daşıyıb, titullar qazanıb. Sadəcə, burada işləri alınmadı.

Bəs Cüneyt Biçər nə edib? Türkiyəli çalışdırıcı "Pazarspor", "Muğlaspor" və "Bucaspor İzmir" kimi III liqa klublarında çalışıb. Özü də heç birinin baş məşqçisi olmayıb. Biçərin karyerasındakı yeganə uğur "Bakı" ilə ölkə kubokunu və çempionatın gümüş medallarını qazanmasıdı. Buna təsadüf deyib, adamın çəkdiyi əziyyətə kölgə salmaq istəmirəm, amma onun "Xəzər Lənkəran"dakı işindən göründü ki, Biçər böyük klublara rəhbərlik edə biləcək səviyyədə deyil. O, ən yaxşı halda əvəzedici heyətə başçılıq edə bilər.

Cüneyt bəyi bir kənara qoyaq. Hər nə də olsa, ölkəmizdə baş məşqçi kimi titul qazanıb. Bəs Fatih Kavlaka, Georgi Çixradzeyə, Bernard Raaba nə sözünüz? Biri "Qəbələ"yə, digəri "Simurq"a, o birisi isə "Sumqayıt"a rəhbərlik edir. Halbuki onların məşqçilik karyerasına nəzər saldıqda, bundan əvvəl 1-2 il köməkçi-məşqçi işlədiklərini, uşaq komandalarında çalışdıqlarını görürük. Axı, niyə Kavlak, niyə Çixradze, niyə Raab? Məgər bu şəxslər Ağasəlim Mircavadovdan, Şahin Diniyevdən, Arif Əsədovdan, İqor Ponomaryovdan, yoxsa Ramiz Məmmədovdan sanballı məşqçidirlər?

Gəlin, özümüzə hörmət qoyaq, bəylər. Pis çıxmasın, 50 nəfər Çixradze kimisini tərəzini bir, Mircavadovu isə digər gözünə qoysaq, yenə bizim ağsaqqal ağır gələr. "Qarabağ", "Şəmkir", "Neftçi" və "Xəzər-Lənkəran"la çempionluq yaşayan, ölkəmizin ən titullu məşqçisi olan Mircavadov "Xəzər Lənkəran"dan ayrılandan bəri işsizdi. Halbuki onun rəhbərlik etdiyi kollektivlər hər zaman öz dəst-xətti ilə seçilib və daim iddialı olub.

Deyək ki, Ağasəlim bəy yaşlanıb, AFFA artıq ona təqaüddə ayırıb. Bəs yığmamızın sabiq çalışdırıcıları olan Diniyev, Ponomaryov? Kavlak və ya Çixradze hansı keyfiyyətlərinə görə onlardan üstündülər? Ramiz Məmmədov "Qəbələ"ni komanda kimi formalaşdıran, Arif Əsədov 6 illik həsrətdən sonra "Neftçi"yə çempionluq sevinci yaşadan məşqçidi. Bəs Çixradze nə edib? 1-2 il köməkçi-məşqçi işləyib, vəssalam. Di gəl ki, onların hərəsi Premyer Liqamızda çıxış edən bir komandanın baş məşqçisidi. Diniyev, Əsədov, Məmmədov kimi yerli mütəxəssislər isə işsiz qala-qala pas atmaqdadılar.

Üzümü klub rəhbərlərinə tuturam: bəlkə onların da qapısını döyəsiz...

Mənbə: “Sport-Ekspress” qəzeti