Kölgəsini qılınclayan “Zəif”
27.05.2012 - 23:05
Kölgəsini qılınclayan “Zəif”
Böyükağa Hacıyev "Bakı" ilə təsadüfən, sırf bəxti gətirdiyi üçün ölkə çempionu olmadığını sübut edə bildi. "Zəif" ləqəbli çalışdırıcı "zolaqlılar"dan sonra "Neftçi" ilə də uğur qazandı. Özü də heç bir transfer etmədən. Düzdü, o, Arif Əsədovdan çempion heyəti təhvil almışdı. Lakin istənilən halda, başqasının formalaşdırdığı kollektivlə titulu qorumaq asan iş deyil.

Üstəlik, Hacıyevli Premyer Liqa daha maraqlıdı. "Zəif"in xarakter etibarı ilə həmkarlarından açıq-aşkar fərqləndiyi göz önündədi. O, yeganə məşqçidi ki, oyunsonrası mətbuat konfranslarını şablon sözlərlə yola vermir, hər kəlməsi bir olay olur. Bu isə çempionatdakı intriqanı daha da canlandırırdı, rəngarəng edirdi. Amma...

Təəssüf ki, Böyükağa bəyin də zərərli vərdişləri var və bu, ona baş ucalığı gətirmir. Onun sələflərini məzəmmət etməkdən, ləkələməkdən zövq aldığı artıq illərdi adət halını alıb. Böyükağa bəy "Bakı"ya gələndən sonra Əsgər Abdullayevin barəsində nələr demədi ki? Analoji hal "Standard"da da yaşandı. Oturub-durub Valdas İvanauskasın "cehizindən" şikayətlənən Hacıyev sonda komandanı uçuruma yuvarladı. Ardından növbə Arif Əsədova çatdı.

Adamda nə xasiyyətdisə, sələflərini rahat buraxmır. Sanki onları rəhbərliyin gözündən salmaqdan zövq alır və bu yolla özünə xal qazanır. Bugünlərdə Hacıyevin daha bir zərərli vərdişi üzə çıxdı. Sən demə, onda köməkçilərinə qarşı qısqanclıq hissi varmış.

Xatırlayırsızsa, "Zəif" "Standard"da işləyən zaman komandanın qapıçılarla işləyən məşqçisi Cəlal Məmmədovla tutaşmışdı. Həmin vaxt söz dueli əlbəyaxa davaya çevrilmişdi və sonda araya girən futbolçular və komandanın digər işçiləri mübahisənin daha da böyüməsinin qarşısını almışdılar. Həmçinin, Böyükağa bəyin "Standard"dakı digər köməkçisi Zeynalabdin İbrahimovla da mübahisəsi olmuşdu.

İndi isə Hacıyevin "Neftçi"dəki köməkçiləri Tərlan Əhmədov və Kamal Quliyevlə arasında narazılıq yaranıb. "Zəif" hardansa eşidib ki, "Neftçi"ni o yox, Tərlanla Kamalın çempion etməsi yönündə söz-söhbət gəzir. Bundan bərk narahat olan Böyükağa bəy xeyli vaxtdı gözləyirmiş ki, köməkçiləri mətbuata açıqlama verərək, məsələyə aydınlıq gətirəcəklər. Lakin onlardan səs-soraq çıxmayınca, Hacıyev özü hücuma keçməyi lazım bilib.

Bugünlərdə mətbuata müsahibə verən baş məşqçi sözün əsl mənasında köməkçilərini yıxıb-sürüdü. Gözünü yumub, ağzını açan Hacıyev ürəyini o ki var boşaltmışdı.

Təsəvvür edin, 53 yaşında bir adam yuxulu olduğunu əsas gətirərək, ağzına gələni dediyini söyləyir. Çox gülünc bəhanədi. Bu söz ki var, ağızdan çıxdı, artıq sənin deyil. İndi Tərlanla Kamal "Zəif"in onlara hansı gözlə baxdığını çox gözəl bilirlər.

Fikrimcə, "Neftçi" kimi bir klubun baş məşqçisi bu cür səhvlərə yol verməmlidi. Ola bilər ki, Hacıyev özünü dahi sayır. Amma bunun belə olmadığı aydın məsələdi. Böyükağa bəy "Bakı" ilə "Neftçi"yə çempionluq qazandırmaqla yanaşı, "Standard"ı I diviziona yollayan məşqçidi. Yəni hesab 2:1-di. Oyun isə davam edir (Sport Ekspress).

Bugünlərdə 6 futbolçunu - Denis Silva, Slavko Georgievski, Allesandro Viana da Silva, Cavid Hüseynov, Fərid Quliyev və Rəşad Abdullayevə qapını göstərən Hacıyev Arif Əsədovun baş məşqçi postundan hansı səbəbdən istefaya göndərildiyini unutmamalıdı.

Onun sələfi Çempionlar Liqasında uğursuz çıxışa görə göndərildi. Eyni aqibəti Böyükağa bəy də yaşaya bilər. Odu ki, "Zəif" zərərli vərdişlərindən əl çəkib, özünü işinə həsr etməlidi. "Neftçi"nin çempionluğunda əməyi olan Əhmədovla Quliyevi yersiz ittiham etmək böyük səhv idi. Hacıyevin köməkçilərinin onun yerini tutacağından qorxub hücuma keçməsinin daxili ab-havaya mənfi təsir edəcəyi dəqiqdi. Qarşıda isə avrokubok oyunları var...

ŞAMO