Gürcüstan millisinin hücumçusu “Xəzər Lənkəran”a təklif olunub
15.06.2012 - 15:42
Gürcüstan millisinin hücumçusu “Xəzər Lənkəran”a təklif olunub
“Bizə külli miqdarda legioner təklif olunub. Həm mənə, həm də baş məşqçimiz Yunis Hüseynova xeyli sayda əcnəbi futbolçu haqda məlumat göndərirlər. Onlardan biri gürcü hücumçu David Siradzedir”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın rəisi Səməd Mustafayev deyib. Avstriyada təlim-məşq toplanışını davam etdirən Lənkəran klubu hücum xəttinə legioner axtarışındadır.

Mustafayevin sözlərinə görə, Gürcüstan yığmasının üzvü olan Nalçik “Spartak”ının hücumçusu David Siradze onlara təklif olunsa da, keçidini müzakirə etmirlər: “Sadəcə, o da bizə təqdim olunan futbolçular siyahısında yer alıb. Biz Siradze ilə maraqlanmırıq, transferini nəzərdən keçirmirik. Bizə hücum xəttinə gücləndirmək üçün səviyyəli legioner lazımdır və bunu reallaşdırmağı çox istəyirik. Ancaq hələ bununla bağlı nəzərdən keçirməyimiz konkret hücumçu yoxdur. Buna görə də Almaniyanın III divizion təmsilçisi ilə bugünkü yoldaşlıq görüşümüzdə hansısa legioneri baxışdan keçirməyəcəyik. Meydana elə öz futbolçularımız çıxacaq”.

“Xəzər Lənkəran”ın rəsmisinin sözlərinə görə, “Neftçi” ilə müqaviləsi bitən hücumçu Cavid Hüseynovun transferi gündəmdə deyil: “Ruslan Abışovun keçidini həll edəndən sonra bizə lazım olan mövqelərə legioner axtarışındayıq. Ancaq yaxşı yerli futbolçunun transferi hər zamanı ola bilər. Təkcə biz yox, hər bir Azərbaycan klubu heyətinə güclü yerli futbolçu cəlb etmək istəyər”.

Qeyd edək ki, 2004-cü ildən cəlb olunduğu Gürcüstan yığmasında 28 oyunda 8 qol vuran David son 4 ildə “Spartak”da oynayır. 31 yaşlı legionerin Nalçik təmsilçisi ilə müqaviləsi iyunun 4-də qarşılıqlı razılıqla pozulduğundan, hazırda sərbəst futbolçudur.

Mehman SÜLEYMANOV