İki Mario, bir Alan
16.06.2012 - 12:09
İki Mario, bir Alan
AVRO-2012-nin final mərhələsinin II turunun oyunlarından sonra turnirin bombardirlər siyahısında dəyişikliklər olub. Apasport.az saytının məlumatına görə, ilk turdan sonra 3 futbolçu hərəyə 2 qol vuraraq liderlik edirdisə, yenə eyni sayda oyunçu 3 qolla öndə qərarlaşıb. Onlardan ikisi adaşdır.

Lakin xorvatiyalı Mario Mandjukiç və rusiyalı Alan Dzaqoyevin şəriki olan 3-cü futbolçu dəyişib. Belə ki, ilk turda dubl edib, ötən tur 1 dəfə fərqlənən bu cütlüyə almaniyalı Mario Qomes çatıb. Hər 2 oyunda fərqlənən Bundestimin üzvü dublunu 2-ci turda rəsmiləşdirib.

5 futbolçunun hesabında isə 2 qol var. İlk turda dubl edən ukraynalı Andrey Şevçenko, hər 2 qolunu ötən tur vuran ispaniyalı Fernando Torres, danimarkalı Niklas Bendtnerdən fərqli olaraq ispaniyalı Sesk Fabreqas və çexiyalı Vatslav Pilar hər 2 oyunda rəqib qapısına yol tapıb. Lakin sonuncular dubl edə bilməyib.