“Xəzər Lənkəran”ın oyunu xoşuma gəldi”
21.06.2012 - 09:52
“Xəzər Lənkəran”ın oyunu xoşuma gəldi”
Kiyev “Dinamo”sunun baş məşqçisi Yuri Syomin “Xəzər Lənkəran”la Avstriyada keçirilən yoxlama oyunundan sonra apasport.az saytının Avstriyaya ezam olunmuş əməkdaşının suallarını cavablandırıb. Syomin ilk olaraq 2:0 hesabı ilə qalib gəldikləri oyun barədə danışıb.

- Oyun daha çox məşq xarakterli idi. Ancaq yetərincə gərgin alındı. İlk hissədə bizim, fasilədən sonra “Xəzər Lənkəran”ın üstünlüyü var idi. Çoxlu qol imkanlarımız oldu. Hazırlıq getdiyindən ağır yükləmələr fonunda çətinliklə üzləşirsən. Öz komandamdan daha keyfiyyətli oyun görmək istərdim. Siz də öz klubunuza qiymət verə bilərsiz. “Xəzər Lənkəran”ın oyunu mənim xoşuma gəldi, mobil komandadır. Onlara gələcək oyunlarda uğurlar arzulayıram.

- Bu komanda Ukrayna çempionatında çıxış etsəydi, hansı yerlər uğrunda mübarizə apara bilərdi?
- İndi durub, niyə belə müqayisə aparaq ki? Hazırlıq dövrü gedir.

- “Xəzər Lənkəran” gənc komandadır və sizin kimi təcrübəli mütəxəssisin fikirlərinə ehtiyac var...
- Fikirlərim müsbətdir. “Xəzər Lənkəran” taktiki cəhətdən yaxşı komandadır. Heyətində yetərincə güclü futbolçular var.

- Lənkəran klubunun heyətində Kiyev “Dinamo”sunda oynamaq gücündə olan futbolçu varmı?
- Mən daha çox öz oyunçularıma baxırdım. Üstəlik, sizin komandanızın heyətində çoxlu əvəzetmələr oldu. “Xəzər Lənkəran” yetərincə xarakterə malik mobil komandadır. O da bizim kimi yeni mövsümə hazırlıq dövrü keçir.

- Maraqlıdır ki, “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynovu futbol oynadığı dövrdə sərəncamınızda görmək istəmisiz...
- (gülür). Bəli, belə bir şey olub. İndi həmkarım olan Hüseynova uğurlar arzulayıram.

- 3 il öncə belə bir xəbər yayılmışdı ki, siz Azərbaycan yığmasının və “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayevlə maraqlanaraq, onu “Dinamo”ya gətirmək istəmisiz...
- Fikrimcə, Kamran ilk hissədə uğursuz çıxış etdi. Vurduğumuz qol zamanı səhv buraxdı. Buna görə də Ağayevlə bağlı məsələni sonraya saxlayaq.