Millimizin oyunlarının vaxtı müəyyənləşdi
21.06.2012 - 11:57
Millimizin oyunlarının vaxtı müəyyənləşdi
Futzal üzrə AVRO-2014-ün təsnifat və seçmə mərhələsinin ilkin formatı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, final mərhələsi 2014-cü il yanvarın 28-dən fevralın 8-dək Belçikada keçiriləcək Avropa çempionatı bu dəfə fərqli formatda keçiriləcək.

Bu il oktyabrın 23-27-də baş tutacaq təsnifat mərhələsi həmişə olduğu kimi qalacaq. Yəni hər qrupun komandaları 1 ölkəyə toplaşıb münasibətlərini ayırd edəcək. Bu mərhələnin 6 qalibi isə seçmə oyunlarına yüksələcək.

Avropanın 22 ən yüksək reytinqli komandası və təsnifat mərhələsinin 6 qalibi növbəti raundda oynayacaq. Seçmə mərhələdə hərəsində 4 komanda olmaqla 7 qrupa bölünən komandalar həmişəki kimi 1 ölkədə mini turnir şəklində deyil, dairəvi sistemlə ev-səfər prinsipi ilə 2 dövrədə qarşılaşacaq. 7 qrup qalibi Belçikaya vəsiqə qazanacaq. İkinci yerin sahibi olan 7 komanda və ən yaxşı qrup 3-cüsü isə pley-offda qarşılaşacaq. Son 4 xoşbəxt də bu mərhələdə müəyyənləşəcək. Artıq oyunların günləri də məlumdur.

1-ci tur - 11 dekabr 2012
2-ci tur - 8 yanvar 2013
3-cü tur - 29 yanvar 2013
4-cü tur - 12 fevral 2013
5-ci tur - 19 mart 2013
6-cı tur - 16 aprel 2013

Pley-offun ilk oyunları - 17 sentyabr 2013
Pley-offun cavab oyunları - 24 sentyabr 2013

Qeyd edək ki, UEFA-nın milli assosiasiyalara göndərdiyi sirkulyar məktubda yer alan bu format iyunun sonunda Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək qurumun İcraiyyə Komitəsində təsdiqlənəcək.