Qrem Smit: Orada hər gün bir şey öyrənirdim - MÜSAHİBƏ
22.06.2012 - 16:49
Qrem Smit: Orada hər gün bir şey öyrənirdim - MÜSAHİBƏ
“Qəbələ” klubunun sabiq futbolçusu Qrem Smit Böyük Britaniya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, şotlandiyalı qapıçı Azərbaycan karyerasından danışıb.

- “Qəbələ”də keçirdiyiniz 1 ili necə qiymətləndirirsiniz?
- “Qəbələ”nin təklifindən götür-qoy etmədən imtina etmək düzgün olmazdı. Bu, mənim üçün böyük təcrübə oldu. Fərqli futbol, fərqli mədəniyyət, fərqli həyat tərzi gördüm, vətəndən çox uzaqda yaşamaq bacarığımı yoxladım.

- Xarici ölkədə dil ilə bağlı çətinlik çəkmədiniz?
- Azərbaycanda dil problemi ilə üzləşmədim. Meydanda yalnız bir dil var – futbol dili. Kənarda isə mənim kimi 5-6 ingilisdilli futbolçu var idi. Digərləri də ingilis dili öyrənməyə çalışırdı.

- Mövsümün gedişində ingiltərəli Toni Adams baş məşqçi postundan istefa verdi. Onu Fatih Kavlak əvəzlədi. Bu, nəyi dəyişdi?
- Hər bir yeni baş məşqçi kimi o, da öz üslubunu gətirdi. Buna da hörmətlə yanaşmalıyıq. Nəticədə 5-ci yeri tutduq. Hərçənd mövsümün startında avrokuboklara köklənmişdik.

- Ora uyğunlaşmaqda çətinlik ləkmədiniz?
- Küçədə şortla gəzəndə heç kim mənə yaxınlaşıb iradını bildirmirdi. Sadəcə özüm hiss etdim ki, bu, belə yaxşı deyil. Hər keçən gün yeni şeylər öyrənir, daha da uyğunlaşırdım. Çox şadam ki, bütün bunları yaşadım.

- Boş vaxtlarınızda nə edirdiniz?
- İstirahət günlərində hamı Bakıya qaçırdı. Mən isə hər qısa fasilədə Bakıya, oradan da Aberdinə yollanırdım. Nə qədər təəccüblü olsa da, Bakıdan Aberdinə birbaşa reys var. 5 saat yarımlıq reysdən sonra isə kimsə gəlib məni Edinburqa aparmalı idi.

- Belə səfər üzücü olmurdu?
- Bu yol 20 saat vaxt aparırdı. 2 gün qalıb qayıdırdım. Ama yeni ildə 2 həftə qaldım. Şotlandiyada belə fasilə olmur. Amma yaxşı ki, orda oldu.

- Gələcək karyeranız haqda nə düşünürsünüz?
- Yəqin ki, qarşıma bir təklif çıxacaq və dünyanın hansısa klubunda oynayacağam.