Premyer Liqamızın antirekordçusu 2-ci liqada
23.06.2012 - 11:30
Premyer Liqamızın antirekordçusu 2-ci liqada
Yevlaxın “Karvan” klubunun sabiq baş məşqçisi Fuad Yaman özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, Türkiyədə tanınmış mütəxəssis 2-ci dəstə təmsilçisi “Bandırmaspor”a baş məşqçi təyin olunub.

Ardıcıl 2 mövsümdür Bank Asiya I Liqaya yüksəlməyi hədəfləyən komanda buna nail ola bilmir. İddiasını 2012/13 mövsümündə gerçəkləşdirmək istəyən “Bandırmaspor” rəhbərliyi bu yolda Yamanın köməyinə ehtiyac duyub. Onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2005-ci ilin yayında “Karvan”ın baş məşqçisi təyin olunan türkiyəli mütəxəssis Azərbaycan Premyer Liqasında antirekorda imza atıb. O, ən az - cəmi 1 oyunda iş başında olduqdan sonra istefaya göndərilən azsaylı çalışdırıcılardan biridir. Yaman üçün “Bakı”ya 0:1 hesablı məğlubiyyət Azərbaycan çempionatında yeganə oyun olmuşdu. Lakin ümumilikdə onun “Karvan” karyerasında İntertoto kubokunun 2 oyununda 2 məğlubiyyət də var.