“Harada qalib gəlməyin fərqi yoxdur”
03.07.2012 - 16:54
“Harada qalib gəlməyin fərqi yoxdur”
“İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadzenin apasport.az saytına müsahibəsi

- İyulun 5-də Avropa Liqasının ilk matçında “Trans”la qarşılaşacaqsınız. Avrokuboklara hazırlıqlardan razı qaldınızmı?
- Hazırlıqlar yaxşı keçdi. Plana uyğun şəkildə hazırlaşa bildik. Ən əsası isə odu ki, zədələnən olmadı.

- Hazırlıq dövründə bir sıra transferlər reallaşdırdınız. Bu yöndə hər şey sizi qane edirmi?
- Planlaşdırdığımız bütün mövqelərə oyunçu aldığımızı demək olmaz. Hələ 2 futbolçu da transfer edəcəyik. “Trans”la ilk görüşdən sonra bu məsələ də öz həllini tapacaq.

- Artıq növbəti mərhələdə güvənə biləcəyiniz həmin oyunçular hansı mövqedə çıxış edirlər? Hansı xətləri gücləndirməyi lazım bilirsiniz?
- Bizə 1 hücumçu, 1 mərkəz müdafiəçisi lazımdır.

- Artıq oyuna 2 gün qalıb. Rəqibi lazımınca öyrənə bilmisiniz?
- Bəli. Özüm gedib “Trans”ın oyununu izlədim.

- Püşkdən sonra rəqibiniz Estoniya çempionatında 2 qarşılaşma keçirib. Bunlardan hansını izlədiniz?
- Sonuncudan əvvəlki, yəni, püşkdən sonrakı ilk qarşılaşmanı. Bu səbəbdən Estoniyaya getdim. Həmin görüşdə “Trans” “Levadiya”ya 1:2 hesabı ilə uduzdu.

- Rəqib necə təsir bağışladı?
- İndi Estoniyada çempionatın ortalarıdır. Komanda 17 oyun keçirib. İndi hazır vəziyyətdədir. Biz isə rəsmi matçlara hələ indi başlayırıq. Lakin oyundan əvvəl nə isə demək düzgün deyil. Hər şeyi çıxıb meydanda göstərməlisən.

- İlk matçın səfərdə keçirilməsini müəyyən üstünlük saymaq olar?
- Hardasa üstünlükdür. Evdəki matçadək rəqibi daha yaxşı öyrənə, ilk qarşılaşmadan nəticə çıxara bilirsən.

- Hər 2 oyunda qələbə qazanmaq əzmindəsiniz?
- Hər ikisində, yoxsa 1 oyunda qalib gəlməyi deyil, mərhələ keçməyi düşünürük. Buna çalışırıq. Harada qalib gəlməyin isə fərqi yoxdur. Lakin hər 2 görüşdə hücum futbolu oynayacağıq. Qələbə qazanmaq üçün daha çox hücum edəcəyik.

- Mövsümlərarası transfer bazarında ən fəallardan biri “İnter”dir. Bu transferlərlə növbəti mövsüm daha iddialı komanda görə biləcəyik?
- Komandanı 12 futbolçu tərk etdi. Lakin komandanın özəyini qoruyub saxlaya bildik. Bundan əlavə elə oyunçular transfer etdik ki, komandanı gücləndirə bilsin.

- Yeni mövsümdə qarşınıza hansı vəzifə qoyulub?
- “İnter” mənim baş məşqçi postuma gəlişimədək də çempionluq üçün oynayırdı, mənim təyinatımdan sonra da. Yeni mövsüm də hədəfimiz çempionluqdur.

- Bəs avrokuboklarda?
- Bu gün yalnız I təsnifat mərhələsini keçməliyik. Bundan sonra isə artıq yeni vəzifə qoyulacaq.
0