Yunis Hüseynov: Hakim nə qərar verdiyini özü də bilmirdi
05.07.2012 - 21:07
Yunis Hüseynov: Hakim nə qərar verdiyini özü də bilmirdi
“Oyun gərgin keçdi. Heç istəməzdik ki belə olsun. İmkanlarımız həddindən artıq çox oldu. Bəxt bu gün bizdən üz döndərmişdi. Rəqib 2 qol vəziyyət yaradıb, bundan yararlandı. Qələbə qazana bilməsək də, futbolçulardan razı qaldım. Buraxılan qollarda Kamran Ağayevin də səhvi var idi”. Apasport.az saytının xəbərinə görə, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov deyib.

“Ağ-yaşıllar” bu gün Avropa Liqasının I təsnifat mərhələsində Estoniyanın “Nomme Kalyu” klubu ilə qarşılaşdı. 2:2 hesabı ilə nəticələnən oyundan sonra Hüseynov qarşılaşma barədə fikirlərini açıqlayıb: “Hakimlik barədə danışmaq istəmirəm. Amma onu deyə bilərəm ki, hakim meydanda özünü itirmişdi. Nə qərar verdiyini heç özü də bilmirdi. İnanıram ki, səfərdə daha yaxşı nəticə qazanacağıq. Rəqib oyunun tempini aşağı salırdı. Nəticə məni narahat eləmir. Səfərdə bunun əvəzini çıxarıq”.
0