ANS-dən “Xəzər Lənkəran”ın oyununun canlı yayımlanmamağına rəsmi mövqe
10.07.2012 - 17:24
ANS-dən “Xəzər Lənkəran”ın oyununun canlı yayımlanmamağına rəsmi mövqe
ANS telekanalı Avroliqanın I təsnifat mərhələsində “Xəzər Lənkəran”ın Estoniyanın “Nomme Kalyu” klubu ilə bu gün keçiriləcək cavab oyununun canlı yayımlanmamağı ilə bağlı rəsmi mövqeyini bildirib. Telekanalın İdman Departamentinin rəisi Amil Hacıyev apasport.az saytına açıqlamasında Bakı vaxtilə saat 20:45-də Tallindəki keçiriləcək matçı birbaşa göstərməyi planlaşdırdıqlarını bildirib. O, danışıqların müsbət nəticələnməməyini maddi məsələlərdə razılığın əldə olunmamağı ilə əlaqələndirib: “Nomme Kalyu” – “Xəzər Lənkəran” oyununu canlı yayımlamaq öz təşəbbüsümüz idi. Bununla əlaqədar Estoniya klubunun rəsmisi Tanil Aaziklə danışıqlar aparırdıq. Ancaq istəyimizin baş tutmamağı yayımın məbləği ilə əlaqədar ortaq məxrəcə gələ bilməməyi ilə bağlı oldu. Belə ki, estonlar 20 min avrodan aşağı düşmədilər. Oyunun vaxtının “Xəbərçi” proqramı ilə üst-üstə düşməyinə gəlincə, bunu da həll etmişdik. Belə ki, matçın 15 dəqiqəlik fasiləsində “Xəbərçi” efirə çıxacaqdır”.
0