“Bakıdakı oyun bizim üçün siqnaldır”
10.07.2012 - 23:02
“Bakıdakı oyun bizim üçün siqnaldır”
“Bakı”nın hücumçusu Uinston Parksın apasport.az saytına müsahibəsi

- Cavab oyununa komanda olaraq hazırsınızmı?
- Lendavadakı oyunda nə etməli olduğumuzu yaxşı bilirik. Qələbə qazanmaqdan başqa, çıxış yolumuz yoxdur. Yaxşı hazırlaşmışıq. Səfərə ancaq qələbə qazanmaq üçün çıxırıq. Ümid edirəm ki, istədiyimiz nəticəni əldə edəcəyik.

- Yəqin ki, ilk oyunu analiz etmisiz. Hansı səhvləri buraxdıqınızı bilirsinizmi?
- Bu futboldur, hesabı və hadisələrin gedişini əvvəlcədən müəyyənləşdirmək olmur. Deməzdim ki, ilk oyunda pis oynadıq. Xeyir, qol şanslarımız oldu. Sadəcə istifadə edə bilmədik. Bəxt amili də yanımızda deyildi.

- Necə düşünürsüz, hazırlıq prosesi zamanı “Mura” ilə keçirdiyiniz oyunda qazanılan 4:0 hesablı qələbənin bakıdakı oyuna təsiri oldumu?
- Bəli, həmin oyunun təsiri oldu. Püşkatma zamanı “Mura” ilə düşdüyümüzü bildikdən sonra özümdə qorxu yarandı ki, uşaqlar yoldaşlıq oyununun nəticəsinə baxıb arxayınlaşacaq, rahat oynayacaqlar. Qolsuz heç-heçə etməyimizdə bu amil də rol oynadı.

- “Mura”nın hansı üstün və zəif cəhətlərini qeyd edə bilərsiz?
- Onlar arxada çoxluq yaradıb, etibarlı müdafiə olunmağı bacarırlar. Görünür, komandanın əsas məqsədi qol buraxmamaq idi. Çünki hücuma demək olar çıxmırdılar. Buna görə də bizim qapı qarşısında qol epizodu yarada bilmədilər.

- Cavab oyununda şansları necə qiymətləndirirsiz?
- Bizim yeganə məqsədimiz qələbə qazanmaqdır. Bundan başqa yolumuz yoxdur. Əgər mübarizəni davam etdirmək haqda düşünürüksə, bunu etməliyik. Məncə, ilk oyunda qeydə alınan 0:0 hesabı bizim üçün bir siqnal oldu. Əslində bunun belə olması bizim xeyrimizə işlədi. Artıq komanda toparlanacaq. Bu bizə dərs oldu ki, futbol asan oyun deyil.

- Zədədən sonra formada deyildin. İndi necə, oynamağa hazırsınızmı?
- Şükürlər olsun ki, indi hər şey qaydasındadır və oynamağa hazıram.

- Kokenin gedişindən sonra hücumda bütün ümidlər sizədir. Bunu doğrulda biləcəksizmi?
- Əlimdən gələni edirəm ki, qol vurum. Amma bu tennis deyil, futboldur. Komanda yoldaşlarımdan da çox şey asılıdır. Meydanda tək özüm üçün deyil, komanda üçün oynayıram. Bilirəm, ümidlər mənədir. Yenə deyirəm, oyunum komandadan asılıdır. Əlimə düşən imkanlardan maksimum yararlanmağa çalışıram.

- Yəqin razılaşarsız ki, “Xəzər Lənkəran”dakı oyununuzu “Bakı”da nümayiş etdirə bilmirsiz. Bunun səbəbini nə ilə izah edə bilərsiz?
- Fərqli komandalardan danışırıq. Lənkəranda bütün komanda mənim üçün oynayırdı. Hamısı arxamda dayanmışdılar. Yəni onlar bütün epizodlarda mənə ötürmə edirdilər ki, qol vurum.