Zeynal Məmmədov: Gəlin, qəhrəman axtarmayaq - MÜSAHİBƏ
11.07.2012 - 23:01
Zeynal Məmmədov: Gəlin, qəhrəman axtarmayaq  - MÜSAHİBƏ
Bu gün Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində “Mura” ilə cavab matçına çıxacaq “Bakı” klubunun baş meneceri Zeynal Məmmədov apasport.az saytının Sloveniyaya ezam olunan əməkdaşına müsahibəsində maraqlı açıqlamalar verib.

- Cavab oyunu öncəsi komandada ab-hava necədir?
- Vəziyyət yaxşıdır. Hamı bir nəfər kimi cavab oyununa ciddi hazırlaşır. Məqsədimiz aydındır: mərhələ adlamaq. “Xəzər Lənkəran”ı təbrik etmək istəyirəm. Artıq onlar II mərhələyə vəsiqə qazanıblar. “İnter”in də işinin öhdəsindən gəldiyini düşünürəm. İnşallah, cavab oyununda sevinən tərəf biz olarıq. “Neftçi”yə uğurlar arzulayırıq. Onlar da ölkəmizi təmsil edirlər.

- Komanda üzvləri ilə görüşünüz olubmu?
- Bəli, görüşmüşük, yenə görüşəcəyik. Qələbə bizim üçün böyük əhəmiyyət kəsb edir. Bu komanda mərhələ keçilməlidir. Ardınca isə növbəti rəqiblə oyuna hazırlaşmalıyıq. Bəzi gücləndirilməsi vacib mövqelərimiz var. Bunun üçün çalışmalıyıq. Yarımmüdafiəçi və hücumçuya ehtiyac var. Necə olacağını gələcək göstərəcək.

- Qolsuz heç-heçə pis nəticə deyil. Çünki səfərdəki qollu heç-heçə komandanın mərhələ adlamasına gətirib çıxaracaq.
- Bu iki oyundan ibarətdir. Komandalardan biri mütləq qalib gəlməlidir. Meydana çıxacaq hər iki klub mərhələ adlamaq üçün vuruşacaq.

- Yəqin ki, ilk oyunu analiz etmisiz. Hansı səhvlərin təkrarlanmamasını istərdiniz?
- Bakıdakı oyunda arxayınçılığın güdazına getdik. Rəqibi qiymətləndirmədik.

- Bu hazırlıq oyununda qazanılan nəticədən yaranmışdı?
- Tək o deyildi. Bura komandanın gecə yola gəlməsi, yorğun olması, bizdən forma götürüb oynamaları kimi məsələlər da daxil idi. Bunlar hamısı oyunçuların rahatlaşmasına şərait yaratdı.

- Yeri gəlmişkən, “Mura 05”in Bakıdan ayrılarkən qaldıqları otelin pulunu ödəmədikləri deyilir...
- Xeyr, otelin pulunu özləri ödədilər. Pulları çatmırdı. Əvvəlcədən demişdik ki, köməyə ehtiyac olsa, bizə müraciət edərsiz. Amma onlar bizə müraciət etmədilər və otelin pulunu özləri ödədilər. Bizə ehtiyac duymadılar.

- Daxilinizdə inam var ki, “Bakı” mübarizəni davam etdirəcək və Bolqarıstan MOİK-i ilə qarşılaşacaq?
- Əlbəttə, buna inanırıq. Birinci oyunda həqiqətən çox məyus olduq. Komanda yoldaşlıq oyunlarında ortaya qoyduğu futbolun 1/3 hissəsini də nümayiş etdirə bilmədi. Hücumçu probleminin olması ilə razılaşıram. Amma yarımmüdafiəçilərimiz var. Bu boşluğu onlarla doldurmaq olar. Yarımmüdafiəçilər bunu bacarmayacaqsa, müdafiəçilər qol vurmalıdırlar. Cavab oyununda birini qolu kimin vurması çox vacibdir. “Mura 05” vursa, Bakıdakı kimi yenə müdafiəyə çəkiləcək. Biz vursaq, rəqib məcbur olub hücuma atılacaq. Belə olan təqdirdə meydanda açıq futbol gedəcək. “Bakı”da hər zaman bu cür oyunları sevir və matçı öz xeyrinə dəyişməyi bacarır. Necə olacağı sabah bilinəcək.

- Sizcə matçın qəhrəmanı kim olacaq?
- Deyə bilmərəm. Gəlin, qəhrəman axtarmayaq, futbolu komanda oynayır. Namiq Ələsgərov meydana çıxsa, o da qəhrəmanlardan biri ola bilər.