“Hər iki futbolçu Türkiyə Superliqasında oynayır” - MÜSAHİBƏ
12.07.2012 - 13:59
“Hər iki futbolçu Türkiyə Superliqasında oynayır” - MÜSAHİBƏ
“Xəzər Lənkəran” futbol klubunun icraçı direktoru Höccət Hacıyevin Lent.az-a müsahibəsi

- “Xəzər Lənkəran” Avropa Liqasının II təsnifat mərhələsinə hazırlığa nə vaxt başlayacaq?
- Komandamız Estoniyadan qayıtdıqdan sonra qısa müddətli istirahətə buraxılıb. Kollektiv iyulun 13-də Bakıda bir araya gələcək. “Happy İnn” otelində məskunlaşacaq “Xəzər Lənkəran” paytaxtda iki günlük hazırlıq prosesinin ardından iyulun 15-də Lənkərana qayıdaraq, məşqlərini davam etdirəcək.

- Sizcə, növbəti rəqib hansı komanda olacaq?
- Çox güman ki, bu, Polşa “Lex”i olacaq. Çünki “Lex” Qazaxıstanın “Jetısu” komandasını ilk görüşdə 2:0 hesabı ilə məğlub edib. “Jetısu”nun cavab görüşündə bu fərqi aradan qaldıra biləcəyinə inanmıram. Hər halda növbəti rəqibimizin adını bu axşam biləcəyik. İlk görüşümüz iyulun 19-da Lənkəran şəhər mərkəzi stadionunda olacaq. Oyun saat 20:00-a təyin edilib.

- Yeri gəlmişkən, “Jetısu” – Lex” oyununu məşqçilər heyətinizdən kimsə canlı izləyəcəkmi?
- Xeyr. Heç kim bu oyunu izləməyə getməyib. Biz növbəti oyuna hazırlaşırıq. Rəqibin kimliyindən asılı olmayaraq, Avroliqada III təsnifat mərhələsinə də vəsiqə qazanmaq üçün mübarizə aparacağıq.

- Heyətə növbəti mərhələdəki oyunadək yeni futbolçular cəlb etmək fikriniz var?
- Bəli. Qarşıdakı oyunadək komandamıza 2 futbolçu əlavə ediləcək. Onlardan biri yarımmüdafiəçi, digəri hücumçu olacaq. Hər iki oyunçu Türkiyə Superliqasında çıxış edir. Lakin hazırda danışıqlar getdiyi üçün onların adlarını və hansı klubda oynadıqlarını açıqlaya bilmərəm.

- İyulun 19-da keçirəcəyiniz oyunda klubunuzun fəxri prezidenti Mübariz Mənsimov iştirak edəcək?
- Mübariz müəllim Estoniya “Nomme Kalyu”su ilə həm ilk, həm də cavab oyununda “Xəzər Lənkəran”a böyük dəstək verdi. Ciddi işi çıxmasa, o, çox güman ki, növbəti oyunumuzu da stadiondan izləyəcək.
0