“Simurq”un düşərgəsində daha 2 legioner
17.07.2012 - 08:06
“Simurq”un düşərgəsində daha 2 legioner
Avstriyada təlim-məşq toplanışda olan “Simurq” hazırlıqları davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, gündə 2 dəfə olmaqla hazırlıq keçən Georgi Çixradzenin yetirmələri 3-cü məşq günündə əsasən taktiki çalışmalar üzərində işləyib.

Toplanışın gedişində “sarı-qaralar”ın heyətinə baxışa dəvət edilmiş yeni futbolçular da qoşulub. Bunlar yarımmüdafiəçilər – slovakiyalı Branislav Fodrek və polşalı Burkxard Marçindir. Onlardan öncə isə Miroslav Antonov, Daniel Peyev, Dilaver Zirnanoviç, Stjepan Poljak, Milan Andelkoviç və Darko Brljak “Simurq”un düşərgəsinə gəlib. Nəticədə komandada baxışda olan legioner futbolçuların sayı 8 nəfərə çatıb. Onlar haqqında son qərar yoldaşlıq görüşlərindən sonra məşqçilər korpusu tərəfindən veriləcək.

Qeyd edək ki, “Simurq” sabah Avstriyada ilk yoldaşlıq görüşünə çıxacaq. “Əl-Əhli” komandası ilə keçiriləcək yoxlama matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
0