“İndi əzmkarlıq göstərib uğur qazanmağımız qalır” - MÜSAHİBƏ
17.07.2012 - 10:31
“İndi əzmkarlıq göstərib uğur qazanmağımız qalır” - MÜSAHİBƏ
“Neftçi”nin məşqçisi Tərlan Əhmədovun apasport.az saytına musahibəsi

- “Neftçi”ni “Zestafoni” ilə oyuna kim çıxaracaq?
- Bu məsələ açıq qalıb. Hamımız Böyükağa Hacıyevin gəlişini gözləyirik. Ola bilsin, mən çıxarım. Baş məşqçimizin səhhətində müəyyən problemlər yaranıb və o, hazırda müalicə kursu keçir. Özü Bakıdadır. Komanda ilə bağlı bütün məlumatları hər gün ona çatdırırıq.

- Komanda oyuna necə, tam şəkildə hazırlaşa bilibmi?
- Hər şey qaydasındadır. Fikrimcə, normal hazırlıq prosesi keçmişik. Bütün məşqçilər korpusu komandadan razı qaldı. Potensialımız böyükdür. Yeni transferlərimiz də komandaya tam uyğunlaşıb. Əzmkarlıq göstərib uğur qazanmağımız qalır.

- Mövsümlərarası fasilədə komandaya 6 futbolçu cəlb edilib. Nəzərə alsaq ki, aralarında Cənubi Amerika ölkələrindən də gələnlər var, onlar adaptasiya prosesini tam keçə biliblərmi? Eyni zamanda yoldaşlıq oyunlarında özlərini necə göstərdilər?
- Tək məşqlərdə deyil, uşaqlarla ünsiyyəti, oyunlarda ortaya qoyduqları istək, əzmkarlıq bizi qane edirdi. Belə olmasaydı, onları komandaya götürməzdik. Sanki onlar uzun müddətdir “Neftçi”də çıxış edirlər.

- Komandanın əsas qol silahı və bombardiri olan Bahodir Nasimovun zədəli olması hücum xəttində problem yarada bilərmi?
- Həyatda əvəzolunmaz insan yoxdur, təkrarolunmaz var. Bahodir təkrarolunmaz hücumçudur. Son iki ildə qazandığımız çempionluqda onun əməyi danılmazdır. O, “Neftçi” üçün dəyərli futbolçudur. Bunu qiymətləndiririk. Tez sağalıb, geri dönməsini arzulayırıq. Yeni hücumçumuzun da özünəməxsus üstünlüyü var.

- Avstriyada toplanışda olan zaman Çempionlar Liqasındakı rəqibiniz “Zestafoni”nin oyununu izləmisiniz. Rəqib haqda nə deyə bilərsiz?
- Bəli, onların oyununu izləmişik. Hər bir komandanın zəif və güclü tərəfləri var. Nə var, nə yox, hamısını bilirik. Çempionlar Liqasında zəif komanda olmur. Hər bir iştirakçı öz ölkəsinin ən güclüsü olaraq bu yarışa vəsiqə qazanıb. İnşallah, mərhələ adlayan tərəf biz olarıq.

- Onların əsas üstünlüyü hansılardır?
- Hər iki komanda Çempionlar Liqasında oynayır. Rəqibimiz texnikalı futbolçulardan qurulub. Buna baxmayaraq, komanda oyununa üstünlük verdiklərini deyə bilərək. Hansısa futbolçunu fərdi qabiliyyətinə görə qabartmaq istəmirəm.

- “Zestafoni”yə qarşı oyunda xidmətindən istifadə edə bilməyəcəyiniz futbolçu varmı?
- Bahodir Nasimovdan başqa, Rodriges də bizə kömək edə bilməyəcək. Qalan futbolçuların xidmətindən yararlanacağıq.

- Braziliyalı yarımmüdafiəçinin məşq etdiyi bildirilirdi...
- Rodriges məşq edir. Amma ev oyunumuzu süni örtüklü meydanda keçirəcəyik. Buna görə də bir qədər ehtiyat edirik.

- İlk dəfə hansısa komandanı qitə miqyaslı yarışlara çıxaracaqsız. Bu məsuliyyətin yükünü daşımaya hazırsınızmı?
- Komandanın baş məşqçisi Böyükağa Hacıyevdir. Komandanı meydana mən çıxarsam belə, onun tapşırıqlarını yerinə yetirəcəm. Nə etməyin lazım olduğunu o deyəcək. Tək mənim yox, hamımızın məsuliyyəti böyükdür. Səfərbər olmalıyıq ki, mərhələ adlayaq. Komandanı meydana kimin çıxarmağının elə də fərqi yoxdur.

- “Neftçi”yə qədər cari mövsümdə “Bakı” və “İnter” “Dalğa Arena”da avrokubok oyunlarını keçirdilər. Amma hər iki oyunda tribunlar dolmamışdı, boşluqlar çox idi. Necə düşünürsüz, “Neftçi”nin fanatları bu dəfə anşlaq yarada biləcəkmi?
- Biz azarkeşlərdən dəstək istəyirik. Futbolda bu çox vacibdir. Uğurumuz onlardan da asılıdır. Tribunalar dolsa, futbolçularda ruh yüksəkliyi olacaq. Onlar yeni “Neftçi”ni görmək üçün mütləq stadiona gəlməlidirlər. İndi daha yüksək səviyyəli komandamız var.
0