“Qəbələ”nin Sloveniyada son oyunu
27.07.2012 - 08:02
“Qəbələ”nin Sloveniyada son oyunu
Sloveniyada təlim-məşq prosesini yekunlaşdıran "Qəbələ" hazırlıq çərçivəsində sonuncu – 5-ci yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Fatih Kavlakın yetirmələri Türkiyə təmsilçisi "Mersin İdman Yurdu” ilə üz-üzə gəlib.

Matç tərəflərin bərabər mübarizəsi şəraitində start götürüb. İlk hissədə “Qəbələ” bir neçə əlverişli qol epizodu yaratsa da, istəyinə çata bilməyib. Əvəzində rəqib hesabı öz xeyrinə dəyişə bilib və komandalar fasiləyə “Mersin İdman Yurdu”nun üstünlüyü ilə yollanıblar.

2-ci hissə də eyni ssenari üzrə davam edib. 45 dəqiqə ərzində hər iki tərəfin fərqlənmək imkanları olsa da, hissə əsasən iki penalti zərbəsi ilə yadda qalıb. İkinci yarının əvvəllərində Türkiyə təmsilçisi 11 metrlik zərbə vurmaq hüququ qazanıb və hesab arasındaki fərqi artırıb. 75-ci dəqiqədə isə Mendiyə qarşıya cərimə meydançası daxilində kobudluq hakimin penalti nöqtəsini göstərməsi ilə nəticələnib. Topa yaxınlaşan Dodo qapıçı səddini aşa bilməyib və matç rəqibin 2:0-lıq qalibiyyəti ilə sona çatıb.

"Qəbələ" qarşılaşmada belə heyətlə mübarizə aparıb: Dieqo Koşta Silva, Ürfan Abbasov, Nodar Məmmədov, Deyan Kelhar, Omar Kalabane, Vurğun Hüseynov (Viktor Mendi), Rəşad Abdullayev, Elmar Baxşıyev (Bruno da Silva), Aleksandr Çertoqanov, Viktor Mendi, Luis Hilario Dodo , Yannik Kamanan (Daniel Kruz).

Mənbə: gabalafc.az
0