Vaqif Sadıqov: Xaldan da vacib olan məqamlar var - MÜSAHİBƏ
28.07.2012 - 06:35
Vaqif Sadıqov: Xaldan da vacib olan məqamlar var - MÜSAHİBƏ
2012-13-cü illər mövsümü Azərbaycan Premyer Liqası və Kuboku yarışlarına hazırlaşan AZAL üst-üstə 25 gün çəkən Türkiyə toplanışına yekun vurdu. Apasport.az saytının xəbərinə görə, təlim-məşq toplanışının son günündə “Boluspor”un əvəzedici heyəti ilə matçdan sonra komandanın baş məşqçisi Vaqif Sadıqov hazırlıq prosesi, yoxlama görüşləri, heyətin komplektləşməsi, qarşıda duran məqsədlər və digər məsələlərlə bağlı suallarımızı cavablandırdı.

- AZAL-ın yeni mövsümə hazırlığını nə cür dəyərləndirərdiniz?
- Hazırlığı əvvəlcədən üç mərhələyə bölmüşdük. İyunun 17 və 18-də futbolçular tam tibbi baxışdan keçdikdən sonra ayın 19-da Şüvəlandakı bazamızda birinci mərhələyə start verdik. İstirahətdən sonra heyətə qoşulan futbolçuların fiziki durumu yaxşı idi. Çünki hələ ötən mövsüm başa çatanda hər bir oyunçuya fərdi hazırlıq planı vermişdik. Testlər də göstərdi ki, məzuniyyət zamanı oyunçular boş oturmayıblar, verilən tapşırıqları yerinə yetirməyə çalışıblar. Şüvəlan toplanışımız iyunun 30-a qədər davam etdi. Birgünlük istirahətdən sonra iyulun 2-də bazada daha bir məşqə çıxdıq və iyulun 3-də səhər saatlarında Türkiyənin İsparta şəhərinə yollandıq. Burada hazırlığın ikinci mərhələsini keçirdik. Əsas məqsədimiz 10 gün ərzində yüksək dağlıq şəraitində futbolçuların fiziki hazırlığını özülünü qoymaq olsa da, eyni zamanda həmçinin taktika üzərində işləməyə və güclü rəqiblərlə yoxlama görüşlərində komandanın oyun modelini qurmağa da cəhd göstərdik. İyulun 13-də İspartadan Boluya növbəti təlim-məşq toplanışına yollandıq, amma hazırlığın üçüncü mərhələsinə ayın 16-da başladıq. Burada isə məqsəd sırf taktikanı təkmilləşdirmək və oyun modelini oturtmaq idi. Bunun üçün 12 gün ərzində kifayət qədər ciddi rəqiblərlə 5 yoxlama matçı keçirdik. Hesab edirəm ki, bir araya gəldiyimiz ilk gündən Bolu toplanışının başa çatdığı günə qədər keçən vaxt ərzində yüksək səviyyəli hazırlıq keçdik. Hər şeydən çox məni futbolçuların işə peşəkar münasibəti, verilən tapşırıqları sona qədər yerinə yetirmələri sevindirdi. Bunu onların özlərinə də hər imkanda söyləyirdim. Biz işimizi müasir futbolun tələblərinə uyğun və peşəkar şəkildə həyata keçirməyə çalışırıq. Hazırlığın ilk günündən nəinki oyunları, hətta keçirilən hər bir məşqi çəkilişini aparırıq, məşqçi heyəti ilə birgə onları təhlik edirik, daha sonra qrup və ya fərdi şəkildə futbolçuların müsbət və mənfi cəhətlərini özlərinə nümayiş etdiririk.
Ümumiyyətlə, həm Şüvəlan, həm Isparta, həm də Boluda komanda üçün yaradılan şəraitdən tam razı qaldım. Buna ğörə AZAL PFK-nın rəhbərliyinə öz minnətdarlığımı bildirirəm. Bu toplanışlar zamanı klubun idman fəaliyyətinə rəhbərlik edən vitse-prezident Fikrət Hüseynovun bizimlə birlikdə olması isə işimizə yaradı. Fikrimcə, bu səbəbdən biz futbolçu transferlərini, qarşıya çıxan problemləri çevik şəkildə həll edə bildik.

- Təxminən ayyarım ərzində futbolçularınızı doqquz yoxlama görüşündə sınadınız. Nəticələr fərqli alınsa da, matçların əksəriyyətində qələbə qazandınız. Belə oyunlarda qarşıda duran əsas məqsəd nədir? Nəticə, yoxsa hansısa taktiki sxemlərin sıradan çıxarılması?
- Qeyd etdiyiniz hər iki amil və oyunçuların funksional hazırlığının yüksəldilməsi. Məşqlər futbolçular üçün çox faydalıdır, amma komanda məhz oyunlar sayəsində öz ustalığını artırır. Nəticə məsələsinə gəlincə, əlbəttə, yoxlama görüşlərində qazanılan qələbələrə görə xal vermirlər, lakin burada bəzən xaldan da vacib olan məqamlar var. Konkret olaraq, futbolçulara qalib psixologiyasının aşılanması və komandada özünəinam hissinin formalaşması. Mən yoxlama matçından əvvəlki məşqlərdə, oyuna quruluş verilən zaman qələbənin olduqca əhəmiyyətli olduğunu və hər bir oyunda qələbə qazanmaq uğrunda mübarizə aparmalı olduğumuzu qabardırdım. Bütün görüşlərdə qalib gəlmək üçün mübarizə apardıq və “Antalyaspor”la Ispartada keçirdiyimiz oyun istisna olmaqla, hamısında istəyimizə çatdıq. Əsas heyətlə ilk matçımızı hələ Şüvəlanda “Rəvan”a qarşı keçirmiş və 5:0 hesabı ilə qələbə qazanmışdıq. Ispartada Səudiyyə Ərəbistanının “Əl-Vəhda” klubunu 3:2, Türkiyə Superliqa təmsilçisi “Mersin İdman Yurdu”nu isə 2:1 hesabı ilə məğlub etdik. Boluda isə daha bir ərəb klubu “Najran”ı 1:0, “Kartalspor”u 3:0, “Qarabağ”ı 4:0, “Boluspor”un PAF komandasını 2:0 yendik. Yalnız “Çaykur Rizəspor”la oyun yarımçıq dayandırıldı. Həmin görüşdə 0:1 hesabı ilə geridə olsaq da, düşünürəm ki, məhz bu qarşılaşmada ən yaxşı oyunumuzu göstərdik.

- Yoxlama matçlarında yeni transfer etdiyiniz futbolçular da özlərini yaxşı tərəfdən göstərdilər. Ümumiyyətlə, bu yay xeyli sayda yeni futbolçu ilə anlaşdınız.
- Komandanın qarşısına böyük məqsədlər qoyulduğuna görə əsas məqsədimiz rəqabətədavamlı heyət formalaşdırmaq idi. Mən birinci gündən demişdim ki, hər mövqedə ən azı iki bərabərsəviyyəli futbolçu görmək istəyirəm. Hədəflərimizə müəyyən qədər yetişdik. İyunun əvvəllərində bir həftə davam edən seleksiya toplanışında bizə təklif olunan və özümüzün diqqətini çəkən futbolçuları sınadıq. Burada legionerlərlə yanaşı, əvəzedici heyətimiz üçün də faydalı olacaq xeyli gənc futbolçu iştirak etdi. Məhz həmin toplanışın sonunda 21 yaşlı ukraynalı müdafiəçi Ruslan Zubkov və Elman Taqayevlə müqavilə imzaladıq. Əvəzedici heyətə də qatdığımız gənclər oldu və onları mövsümboyu diqqət mərkəzində saxlayacağıq. Çünki bizim əsas məqsədimiz gələcəyin komandasının qurmaqdır.
Seleksiya prosesində hər bir kluba xeyli sayda futbolçu təklif olunur, amma bizim özümüzə aid olan strategiyamız var. Biz öz yığmasının üzvü olan legionerlərə və yerli istedadlı gənclərə üstünlük veririk. Məsələn, “Turan”da 1992-ci il təvəllüdlü Cavid Tağıyevi, ötən mövsüm “Sumqayıt”da icarə əsasında oynayan U-21 yığmasının iki üzvü – 1991-ci il təvvəllüdlü Orxan Həsənov və 1993-cü il doğumlu Ruslan Tağızadəni, Almaniyadan azərbaycanəsilli 1992-ci il təvəllüdlü Etibar Şahmərdanov, “Şuşa”dan 1995 təvəllüdlü Xəyyam Həsənovu sıralarımıza qatmışıq. Ümumilikdə, yay transfer dövründə 18 yeni futbolçu ilə müqavilə bağlamışıq. Qapıçı Ruslan Məcidov, orta xətt oyunçusu Tagim Novruzov, hücumçular - Yasin Abbasov və Rəhman Musayev kimi yerlilərlə yanaşı, braziliyalılar Nildu Fransa Junior, Ailton Joze Perreyra Junior, ispaniyalı Xuan Fransisko Qarsiya Martines, litvalı Andrius Veliçka, moldovalı Artur Petraş, latviyalı Oskars Klyava ilə də anlaşmışıq. Veliçka, Petraş, Taqayev və Klyava öz yığma komandalarına müntəzəm olaraq çağırılırlar.

Daha bir məqamı da qeyd etmək istərdim ki, bu müddət ərzində komandada hazırda müxtəlif yığma komandaların üzvləri baxışda olsa da, məşqçi korpusunun etimadını qazana bilməyib. Bu bir daha Azərbaycanda futbolun və milli çempionatının səviyyəsinin çox yüksək olduğunu bariz şəkildə göstərir.

- Toplanışın sonuna yaxın zədə problemi ilə də üzləşdiniz. Zədəlilərin vəziyyəti necədir?
- Həkimlərin nəzarəti altında müalicə alırlar. Təəssüflər olsun ki, çox qısa zaman kəsiyi ərzində bir neçə əsas futbolçumuzu itirdik. Böyük ümidlər bəslədiyimiz Tural Nərimanov bir neçə gün əvvəl qasıq nahiyəsindən əməliyyat olundu. Kapitanımız Aqil Nəbiyev hazırlığın mərhələsinin sonunu əzələsindəki problemlər üzündən demək olar ki, boşa verdi. Bundan əlavə, müxtəlif zədələri olan Usim Nduka, Tagim Novruzov, Zohair Benouahi, Elman Taqayev, Yasin Abbasov, Rəhman Musayev, Orxan Həsənovun xidmətlərindən məhrum olduq. Buna baxmayaraq, toplanış müddətində nəzərdə tutduğumuz proqramı tam şəkildə yerinə yetirə bildik.

- Artıq milli çempionatın startına az müddət qalıb. İlk rəqibinizi və ümumiyyətlə, püşkün nəticələrini nə cür dəyərləndirərdiniz?
- Çempionatın formatı elədir ki, gec-tez hamı ilə üz-üzə gələcəyik. Ona görə də püşk barədə bir şey demək olmaz. Yuxarıda da qeyd etdiyim kimi, biz hər oyuna qələbə qazanmaq üçün çıxacağıq. “Sumqayıt” Premyer Liqada bəyəndiyim klublardandır. Bir neçə təcrübəli futbolçu ilə gücləniblər. Hər bir komandaya başağrısı ola bilərlər. Bununla belə, AZAL-ın da böyük potensialı var. Biz həm “Sumqayıt”, həm də digər matçlarda maksimum xal toplamağı hədəfləmişik. Bu mövsümdə AZAL-ın iddiası və hədəfləri böyükdür. Həm rəhbərlik, həm məşqçi korpusu, həm də futbolçular vahid məqsəd ətrafında birləşiblər. Bu toplanışda da bunun ilk bəhrələrini gördük. İnanıram ki, klubdakı sağlam mühit və rəqabət ab-havası bu hədəfləri bizə daha da yaxın edəcək.
0