“5 təcrübəli futbolçumuz olsaydı...” – MÜSAHİBƏ
29.09.2012 - 15:11
“5 təcrübəli futbolçumuz olsaydı...”   – MÜSAHİBƏ

“Kəpəz”in baş məşqçisi Mahmud Qurbanovun apasport.az saytına müsahibəsi

- “Rəvan”la oyuna necə hazırlaşırsınız?
- Normal. Gəncədə məşqləri başa vurub, Bakıya gəlirik. Heyətlə bağlı problemlərimiz var ki, bu da işimizi çətinləşdirir. Emin İmaməliyev cəzalı, İvan Radoş, Fərid Həşimzadə, Rəbriz Hüseynli zədəlidir.

- “Simurq”la zədələndiyi matçda Radoşu Xəyal Zeynalovla əvəzlədiniz. “Rəvan”la matçda da qapını Xəyala etibar edəcəksiniz?
- Hələ seçim etməmişəm. Komandada 3 qapıçı var. Ola bilər ki, Xəyala, yaxud Tural Abbaszadəyə şans verdim. Bunu oyun günü müəyyənləşdirəcəyəm.

- Səfər oyununda nəyə ümid edirsiniz? Üstəlik, qapıçılarınızda oyun praktikası sarıdan korluq edir...
- Elədir. Qapıçı üçün oyun təcrübəsinin olmamağı pis təsir edir. Bizdə də ehtiyat oyunçular skamyası uzun deyil. Komandamızda təcrübəli futbolçular az, gənc oyunçular daha çoxdur. Mən Emini məcburiyyətdən sağ cinah müdafiəçisi kimi oynatdım. İndi fikirləşirəm ki, İmaməliyevin yoxluğunda orada kimi oynadım? İstənilən halda, futbolçularımıza güvənirəm. Necə deyərlər, olanımız budur.

- Heyətdəki problemlər olduğu halda, səfər oyununda real olaraq qələbəyə, yoxsa 1 xala bel bağlayırsınız?
- Əlbəttə, qələbə qazanmaq istəyirik. Hazırda turnir cədvəlinin sonundayıq və bizim üçün hər xal qızıla bərabərdir. Meydana qələbə üçün çıxacağıq. Nəticənin necə olacağını oyun göstərəcək.

- “Kəpəz”də baş məşqçilik dövrünüzdə evdə yeganə oyunda qalib gəlmisiniz. Ancaq daha çox səfərdə oynamalı olursunuz. Bu, 3-cü matçınız olacaq və arxada qalan 2 səfər oyununda uduzmusunuz. Yəni komandanız hələlik rəqib meydanında xal qazana bilmir...
- Bizdə təcrübəli futbolçuların azlığı öz sözünü deyir. Məndə 5 təcrübəli futbolçu olsaydı, rahat oynayardım. Şəxsən mənim üçün futbolçu olduğum dövrdə evdə, yaxud səfərdə oynamağın fərqi olmayıb. İndi komandam üçün də bu amilin rolu, rəqibin fərqi olmamalıdır. Əsas öz oyununu oynamaqdır. Onda bizə lazım olan nəticəni əldə etmişik. İndi qismət belədir ki, 3-cü dəfə səfərdə oynayacağıq və orada da xal qazanmağa çalışacağıq.

- “Rəvan” ötən mövsüm daha yaxşı təsir bağışlayaraq, “altılığ“a düşmək uğrunda mübarizə aparırdı. İndi isə turnir cədvəlinin sonunda yer almağı sizin üçün gözlənilməz deyil?
- Mənim üçün gözlənilməz “Kəpəz”in turnir cədvəlinin sonunda yer almağıdır. “Rəvan”da baş məşqçi dəyişikliyinin olduğunu bilirəm. Onların son turda səfərdə “Qəbələ”yə qalib gəldiyi oyunu izləmişəm. Həmin matçda yaxşı təsir bağışladılar. Fikrimcə, oyunda həm bizə, həm də “Rəvan”a çətin olacaq. Hər komandadan xal almaq olar. Əsas düzgün oynamaqdır. Azərbaycan çempionatı sürprizlərlə doludur. Bu da hər komandadan xal almağın mümkünlüyünü göstərir. Biz də rəqiblərimizin potensialımıza bələdik və nəticə qazanmağa çalışacağıq.

Mehman SÜLEYMANOV