Hamı “Lujniki”də, Rəşad Sadıqov oteldə
14.10.2012 - 22:00
Hamı “Lujniki”də, Rəşad Sadıqov oteldə
Azərbaycan millisi Rusiyaya yollanıb. Apasport.az saytının Moskvaya ezam olunmuş əməkdaşının məlumatına görə, komandamız 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya ilə oktyabrın 16-da keçiriləcək səfər matçına Bakıdakı hazırlığı başa vuraraq, son məşqlərini Moskvada keçirir.

Komandamız artıq Rusiya paytaxtında ilk məşqinə çıxıb. “Lujniki” stadionunun 2-ci meydançasında keçirilən məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub. Burada Azərbaycandan ezam olunmuş jurnalistlərlə yanaşı, rusiyalı həmkarlarımız da iştirak ediblər.

15 dəqiqə bitəndən sonra məşq qapalı olduğundan, jurnalistlər meydançanı tərk etməli olub. İzləyə bildiyimiz hissə əsasən isinmə hərəkətlərindən, qısa ötürmələrdən ibarət idi ki, qapıçılar bu müddətdə ayrıca çalışırdılar.

Rusiyaya 21 futbolçu ilə gələn millimizin məşqində kapitan Rəşad Sadıqovun yoxluğunu qeyd edə bilərik. Bu da müdafiəçimizin zədəsinin olduğundan, onu qorumağın daha məqsədəuyğun olmağı ilə bağlıdır. Buna görə oteldə qalan Rəşada oyuna kimi zədəsinin daha da ağırlaşmamağı üçün istirahət verilib. Ancaq Sadıqov Bakıda son məşqdə iştirak edib və onun vəziyyəti ilə bağlı sabah qərar veriləcək.

Qeyd edək ki, Foqts bu gün Bakı vaxtilə saat 13:00-da millimizin qaldığı "Golden Ring/Zolotoe Koltso" otelinin Vladimir zalında mətbuat konfransı keçirəcək.

Mehman SÜLEYMANOV
Moskva