“Bakıdan fərqli, burada nəfəs almaq daha rahatdı” - MÜSAHİBƏ
15.10.2012 - 09:58
“Bakıdan fərqli, burada nəfəs almaq daha rahatdı” - MÜSAHİBƏ
“Simurq”un polşalı qapıçısı David Pietrzkieviç klubun rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, təcrübəli qolkper Topaz Premyer Liqası komandası barədə danışıb.

- Öncə “Simurq”a gəlişiniz haqda danışaq. Necə oldu ki, Zaqatala klubunu seçdiniz?
- Menecerim zəng edib dedi ki, Azərbaycandan bir klub səni istəyir. Ancaq əvvəlcə 2-3 məşqdə iştirak etməlisən. Mən heç bir problemin olmadığını və oynamaq istədiyimi bildirdim. Beləliklə, komandanın düşərgəsinə qoşuldum. Hər şey qaydasında getdi və təkliflərini elədilər. Razılaşıb müqavilə imzaladım.

- “Simurq”u bəyəndiniz?
- Əlbəttə, “Simurq” peşəkar komandadı. Hazırda hər şey qaydasındadı. Heyət peşəkar futbolçulardan təşkil edilib. Düşünürəm ki, hər kəs burada olmaqdan xoşbəxtdi.

- Azərbaycan Premyer Liqası haqda nə deyərdiniz?
- Fikrimcə, Topaz Premyer Liqasında iştirak edən komandaların hamısı eyni səviyyədədir. Hər bir komanda qarşısına nəticə qazanmağı məqsəd qoyub.

- “Simurq”un ilk “altılığ”a düşəcəyinə inanırsınız?
- Komandamız “altılığ”a düşmək gücünə malikdir. Ancaq hər şey necə oynamağımızdan asılıdır. Biz gücümüzə daha çox inanırıq və daha yaxşı oynayırıq. Düşünürəm ki, bu oyunla biz ilk “altılıq”da olacağıq. Daha sonra isə yüksək yerlər uğrunda mübarizə aparmalıyıq.

- “Simurq” hazırda ən az qol buraxan komandadı. Bu, kimin əməyinin nəticəsidir?
- Bütün komandanın. Bunu nə qapıçının, nə müdafiəçilərin, nə də hücumçuların hesabına yazardım. Biz komanda halında həm hücum edirik, həm də müdafiə olunuruq.

- Qarşıda komandanızı “İnter”, AZAL və “Neftçi” ilə çətin oyunlar gözləyir. Bu matçlar haqqında nə düşünürsən?
- Hər üçü yaxşı komandadır. Ancaq bu gün “Simurq” onlardan heç nəyi ilə geri qalmır. Biz hər oyuna xüsusi hazırlaşırıq. Əvvəlcə “İnter”, sonra AZAL və “Neftçi” ilə keçirəcəyimiz matçlara hazırlaşıb, yaxşı nəticə qazanmağa çalışacağıq.

- Əksər futbol mütəxəssisləri “Simurq”un hazırkı nəticəsini çempionatın sürprizi sayırlar...
- Bu sürpriz deyil. “Simurq” güclüdür və bu nəticəni əldə etməli idi. Komanda çempionata hazırlıq mərhələsinə, Avstriyada, Tiflisdə güclü rəqiblərlə keçirdiyi yoldaşlıq görüşlərinə diqqət yetirsək, bu komandanın nəticə qazanacağını görmək olardı. Yaxşı futbolçulardan təşkil edilmiş heyətimiz var. Toplanışlarda məşqçimiz bu oyunçuları nəticə qazanmaq üçün diqqətlə seçirdi. Düzdür, deyirlər ki, “Simurq”un gücü “İnter”lə, AZAL-la oyundan sonra bilinəcək. “Simurq” heç kəsdən çəkinmir.

- “Simurq”un heyətində hansı yerli futbolçunun oyununu bəyənirsiniz?
- Bu komandanın heyətində ulduz futbolçu yoxdur. “Simurq”da hər kəs yaxşı nəticə qazanmaq üçün tam gücüylə mübarizə aparır. Yerli futbolçular arasında da kimisə fərqləndirməzdim. Hərə öz mövqeyində sonadək mübarizə aparmağı bacarır.

- Zaqatalada yaşamaq çətin deyil ki?
- Xeyr. Zaqatala çox gözəl yerdir. Hər tərəf dağlarla əhatə olunub. Çox gözəl və təmiz havası var. Bakıdan fərqli, burada nəfəs almaq daha rahatdı.

- Növbəti mövsümü də “Simurq”da keçirmək haqda düşünürsünüz?
- İndi bu barədə nəsə deyə bilmərəm. Əgər “Simurq” üçün lazım olaramsa bu barədə rəhbərliklə yenidən danışarıq.