“Müdafiəçilər ona qarşı oynayanda əzab çəkirlər” - MÜSAHİBƏ
15.10.2012 - 11:04
“Müdafiəçilər ona qarşı oynayanda əzab çəkirlər” - MÜSAHİBƏ
Zaqatalanın “Simurq” klubunun qapıçısı Dmitri Kramarenko Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, millimizin sabiq qolkiperi yığmamızın vaxtilə çempionatında çıxış etdiyi Rusiya ilə oyunu ərəfəsində futbolumuz haqda danışıb.

- Rusiya – Portuqaliya oyununu izlədiniz?
- Təəssüf ki, yalnız fraqmentləri izləyə bildim. Biz hazırda Gürcüstandayıq. Çempionatda fasilə yarandığından “Simurq” qonşu ölkəyə yollanıb. Tiflis “Dinamo”su ilə yoldaşlıq oyunu keçirdik. Burda Rusiya kanalı yoxdur, oteldəki internet isə çox zəifdir. Lakin Fabio Kapellonun rəhbərlik etdiyi Rusiya yığmasının nə demək olduğunu bilirəm. Komandanın əvvəlki matçlarını izləmişəm. İtaliyalının gəlişi ilə komanda aşkar artırıb.

- Nədə artırıb?
- İmkanlardan istifadədə, əzmkarlıqda. Yəqin ki, yığmanın praqmatik oynaması heç də hamının xoşuna gəlmir. Əvəzində nəticəyə baxın. 9 mümkün xaldan 9 xal və buraxılan qolların sayı sıfıra bərabərdir. Hələ mən MOİK-də oynayan vaxt karyerasına başlayan “İqoryok”a – İqor Akinfeyevə görə də şadam.

- Rusiya yığmasında başqa tanışınız var?
- Berezutski qardaşları da var. Arabir zəngləşirik də. Lyoşa və Vasyaya salamlarımı göndərirəm.

- Millidə oynamaqdan imtina etməsəydiniz, onlarla görüşə bilərdiniz...
- Bu uzun əhvalatdır. Federasiyanın sabiq rəhbərliyi ilə aramızda narazılıq olmuşdu. Hələ DÇ-2006-nın startı ərəfəsində oyunçulara bir vəd olundu, amma sonda yerinə yetirilmədi. Heç vaxt qiyamçı olmamışam. Lakin uşaqları müdafiə etməyə qərar verdim. Uşaqlıq dostum, hazırda “Daqdizel”i çalışdıran Emin Ağayev də məni dəstəklədi. Amma rəhbərlik bizə qulaq asmadı. 2005-ci ilin sonunda yığma karyeramızı bitirdiyimizi açıqladıq. Amma o vaxtdan çox şey dəyişib

- Yaxşı mənada?
- Əlbəttə. Federasiyada başqa insanlar çalışır. Onlar futbolun inkişafa diqqət yetirir, infrastruktur üçün pula simiclik etmirlər. Bakıda Tofiq Bəhramov adına Respublika stadionu rekonstruksiya olunub. Bundan başqa 3 yeni stadion inşa edilib. Futbol və yığma üçün hər şey edilib. Yalnız oynamaq qalır.

- Millinin baş məşqçisi Berti Foqtsla tanışlığınız var?
- Yox. Bizim dövrün oyunçularından yığmada heç kim qalmayıb. Buna görə heç incimirəm də. Məni başqa şey təəccübləndirir.

- Nə?
- Məncə, Azərbaycan futbolunun indiki durumunda mili komanda da yeni səviyyəyə qalxmalıdır. Komandada istedadlı futbolçular da var. Lakin nəticə 15 il əvvəlkindən ciddi fərqlənmir. Portuqaliyaya səfər ərəfəsində Foqts deyir ki, öyrənməyə gedirik. Başa düşürəm ki, onların Kriştianu Ronaldosu var. Lakin baş məşqçi komandanı kökləməlidir. 1999-cu ildə biz həmin Portuqaliya ilə Bakıda az qala 3 hissə bərabər səviyyədə oynadıq.

- Niyə 3 hissə?
- Fasiləyə yaxın hesab 0:0 idi. Birdən işıqlar söndü. Ertəsi gün yenidən oynamalı olduq. 1:0 hesabı ilə öndə idik. Son saniyələrdə Luiş Fiqu bərabərlik qolunu vurdu. Həmin oyunda Bayya, Ruy Koşta və Joao Pintu kimi ulduzlar da var idi.

- Üstəgəl, indiki baş məşqçi Paulu Bentu...
- Düz deyirsiniz. Amma bilirsiniz heç-heçəyə görə nə qədər mükafat aldıq?

- Nə qədər?
- Hərəyə cəmi 2 min dollar. İndi mükafatlar xeyli artıb. Bu da möhtəşəmdir. Amma yığmanın xalları yenə o qədər də çox deyil. Bəzən xal qazana bilirlər. Oyun da o qədər yaxşı deyil. Açığı Foqts məşqçi kimi mənə inam bəxş etmir. Əgər oyuna çıxmazdan öncə öyrənməkdən danışırıqsa, elə yerimizdə qalacağıq.

- 2009-cü ildə Nazim Süleymanov demişdi ki, Foqts Azərbaycana qonaq kimi gəlir. Nə isə dəyişib?
- Yox. Azərbaycan dilini öyrənmək haqda düşünmür, hələ də tərcümə vasitəsilə işləyir. Əlbəttə ki, yığma məşqçisi ölkədə daha çox vaxt keçirib çempionat matçlarını izləməlidir. Təkcə köməkçilərin fikir ilə işləmək olmaz. Əvəzində şərait olmamağından, yaxşı futbolçunun yoxluğundan şikayətlənir. Əgər bu şin altına girmisənsə 100 faizini qoymalısan. Mən Beskov, Qazzayev, Qolodets, Ovanov kimi mütəxəssislərlə işləmişəm. Onlar ağır ayaqda futbolçuları ittiham etməyib. Özləri günahı boyunlarına götürüblər.

- Elədirsə, niyə 5-ci ildir postundadır?
- Bu seçmə mərhələ ərəfəsində başqası gəlməli idi. Amma nədənsə almaniyalı ilə müqavilə uzadıldı. Bu çoxları üçün gözlənilməz oldu.

- Azərbaycan yığmasının lideri kimdir?
- Komandanın kapitanı Rəşad Sadıqov. Təcrübəli müdafiəçidir, oyunu “oxumaq” bacarığına malikdir. Dayaq yarımmüdafiəçisi Rahid Əmirquliyevi də qeyd edə bilərəm. Mən ona məsləhət görmüşəm ki, daha səviyyəli olan Rusiya çempionatına keçsin. Lakin hələlik istəyi yoxdur.

- Qəribədir...
- Burda futbolçuların müqavilələri sanbalıdır. Rusiya çempionatının 2-ci “onluğu” ilə müqayisə oluna bilər. Buna görə də Azərbaycanı tərk etməyə can atmırlar. Başa düşmürlər ki, inkişaf etmək üçün vaxtında ölkədən kənarda oynamağa getmək lazımdır. Hücum xəttində Rauf Əliyevlə Vaqif Cavadovu fərqləndirmək olar. Sonuncu seçmə mərhələdə Akinfeyevə qol da vurub.

- Yeri gəlmişkən, Cavadov da MOİK-in yetirməsidir...
- Bəli, onun MOİK-in əvəzedicisində oynadığı vaxtı yaxşı xatırlayıram. O, orda seçilirdi. Lakin əsas komandaya düşməyi bacarmadı. Hollandiyada da çox qalmadı. İndi “Qarabağ”dadır. Onun yaxşı göstəriciləri var. Düşüncə qabiliyyətinə malikdir. Düşünürəm ki, hələ özünü göstərəcək. Onun da Əmirquliyev kimi 23 yaşı var.

- Milliləşən legionerlər yığmanı gücləndiriblər?
- Müdafiəçi Əli Gökdəmir və hücumçu Cihan Özkara haqda nə isə qəti fikir demək çətindir. Onlar millidə yenidirlər. Branimir Subaşiç isə səviyyəli hücumudur. Yaxşı zərbələri var, rəqibi qabaqlamağı bacarır. Müdafiəçilər ona qarşı oynayanda əzab çəkirlər.

- Həmkarınız Kamran Ağayev haqda nə deyə bilərsiniz?
- Səhvsiz oynamır. Lakin oyunu alınanda ona qol vurmaq mümkün deyil. Portuqaliyada Kamran 3 qol buraxdı. Amma əgər parlaq oyun göstərməsəydi, 10 qol da buraxa bilərdik.

- Milli çempionatda hakimə tüpürən Elnur Allahverdiyevin heyətdən çıxarılması yığma üçün itkidir?
- Allahverdiyev pis müdafiəçi deyil. Amma emosiyaları onu çətin vəziyyətdə qoyur. Yığmada onsuz da oynayacaq futbolçular var. Foqts Rusiyaya qarşı yeni şey fikirləşməyəcək. On müdafiəçi qoyub əks hücumlara bel bağlayacaq.