“Mən indiyədək belə hücumçuya qarşı oynamamışam” – MÜSAHİBƏ
26.10.2012 - 10:00
“Mən indiyədək belə hücumçuya qarşı oynamamışam” – MÜSAHİBƏ
“Neftçi” klubunun futbolçusu Tərlan Quliyev Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Rubin”ə 0:1 hesablı yenilgidən sonra apasport.az saytının Kazana ezam olunmuş əməkdaşının suallarını cavablandırıb

- Komandanızın və öz oyununuzu necə dəyərləndirərdiniz?
- Açığı, ilk hissədə çox çətin oldu. Bildiyiniz kimi, biz belə soyuq havaya öyrəşməmişik. Bakıda istilər, birdən-birə immuniteti dəyişmək bir az çətinlik yaratdı. Elə mən də belə oldu, nəfəsimdə sıxlıq vardı. Ancaq ikinci hissədə oyunumuz bir az dəyişdi. Gördüyünüz kimi, qolu da heç nədən buraxdıq. “Rubin” də çox güclü komandadır. Oyunumuzu normal sayıram.

- Buraxılan qol epizodunda sizin də səhviniz oldu...
- Topu çıxarmaq istəyirdim. Amma top sürüşdü, çünki meydança yaş idi. Buna görə də top həmin zonadan tam çıxmadı. Brunonun üstünə gəldi, ona dəyib, rəqibin qarşısına düşdü. Rəqib də bundan istifadə edərək, ötürmələrlə qapı qarşısına çıxdılar. Elementar səhvlər üzündən qol vurdular.

- Bunda öz səhvinizi görürsünüz, yoxsa günah komanda yoldaşlarınızdadır?
- Heç kimdə səhv axtarmıram. Səhv məndə idi. Ancaq söhbət bundan getmir. Həmin epizoda qədər qapımıza çox hücumlar oldu.

- Hər halda, “Partizan”la Belqraddakı oyunla müqayisədə bu dəfə daha soyuqqanlı idiz...
- Gələcəkdə bundan da soyuqqanlı olmağa çalışacağam.

- “Rubin”lə Bakıdakı oyundan nə gözləyirsiniz?
- Biz Kazana qələbə üçün gəlmişdik. Evdə bundan da yaxşı təsir bağışlayıb, qələbə qazanmağa çalışacağıq.

- Oyundan öncə mətbuat konfransında “Rubin”in heyətində ən təhlükəli hücumçu kimi Salomon Rondonu qeyd etdiniz. Belə səviyyəli hücumçuya qarşı oynamaq sizdə hansı təəssürat oyatdı?
- Fikirləşdiyim kimi, çox güclü futbolçudur. Mən indiyədək belə hücumçuya qarşı oynamamışdım. Bu mənada mənə çətin idi.

- Ancaq müdafiənin mərkəzində birgə oynadığınız İqor Mitreski sizə çox kömək edirdi...
- Əlbəttə. Onun həm yaşı, həm də oyun təcrübəsi belə matçlarda görünür.

Mehman SÜLEYMANOV
Kazan