“Redniklə heç vaxt problemim olmayıb”
27.10.2012 - 10:30
“Redniklə heç vaxt problemim olmayıb”
“Neftçi”nin futbolçusu Julius Vobayın apasport.az saytına müsahibəsi

- Avroliqanın qrup mərhələsində “Rubin”ə səfərdə 0:1 hesabı ilə uduzduğunuz oyunu necə dəyərləndirərdiniz?
- Yaxşı oynamadıq. Biz sanki oynamağa qorxurduq. Nəsə bizə mane olurdu. Birinci hissədə əsas problem bu idi. Ancaq ikinci hissədə özümüzə gəldik, topa nəzarət etdik. Bunun nəticəsində oyunumuzu nisbətən tapdıq. Ancaq yenə də istər-istəməz problem var idi.

- Siz afrikalı futbolçu olduğunuzdan, daha çox isti havaya öyrəşmisiniz. Kazanda isə hava çox soyuq idi. Bu, oyununuza nə dərəcədə mane olurdu?
- Fikirləşirəm ki, tək mənim üçün, bütün komanda üçün 22-26 dərəcə istidən gəlib, birdən-birə gəlib belə mühitə düşmək istər-istəməz bizim üçün çətin idi.

- Növbəti turda “Rubin”i qəbil edəcəksiniz. Bakıdakı həmin oyunda haqda nə düşünürsünüz?
- Çalışacağıq ki, qalib gələk. Qabaqda hələ 3 oyunumuz var. Bunun ikisini evdə keçirəcəyik. “Rubin”dən sonra “Partizan”ı qəbul edəcəyik.

- Bu 3 oyundan neçə xal toplayacağımızı gözləyirsiniz?
- Düşünürəm ki, ən azı 4, ən yaxşı halda 6 xal toplamaq imkanımız var.

- İlk dəfə çıxış etdiyiniz Avroliqanın qrup mərhələsinin oyunlar sizə bir futbolçu kimi nə qazandırdı?
- Bu, bütün komanda üçün birinci dəfə idi. Mən də hamı kimi müəyyən təcrübə topladım, bilmədiklərini öyrəndim.

- Bəs öz çıxışınızdan ümumilikdən nə dərəcədə razısınız?
- Mən razıyam. Elə bir problemim yoxdur.

- “Xəzər Lənkəran”la “Neftçi”dəki çıxışınızı müqayisə edərək, nə deyə bilərsiniz?
- Bu haqda danışmaq istəmirəm.

- “Facebook”dakı şəxsi səhifənizdə sizi “Xəzər Lənkəran”a gətirən rumıniyalı baş məşqçi Mirça Redniklə birgə şəkliniz var. Onun vaxtında komandadan kənarlaşdırılmışdınız...
- Bu, mənim şəxsi səhifəmdir və “Xəzər Lənkəran”la bağlılığı yoxdur. Mənim Redniklə heç vaxt problemim olmayıb. O, məşqçidir, mən futbolçu. Münasibətlərimiz qaydasındadır və buna görə həmin şəkil ordadır.